Gürcüstanda çoxmillətli hərbi təlim "Agile Spirit 2025"in rəsmi açılışı olub
Gürcüstan çoxmillətli hərbi təlim “Agile Spirit”ə (“Çevik ruh” ) on ikinci dəfədir ev sahibliyi edir. Krtsanisidə NATO-Gürcüstan Təlimlər və Qiymətləndirmə Birgə Mərkəzində (JTEC) təlimin rəsmi açılışı olub.
Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili, Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Cicinadze və ABŞ-nin Avropa və Afrikadakı 7-ci Ordusunun Təlimlər Komandanlığının komandanı briqada generalı Terri Tilis hərbi təlim meydanında, beynəlxalq təlimlərdə iştirak edən ölkələrin hərbi qulluqçuları qarşısında çıxış ediblər.
Çıxışlarda beynəlxalq təlimlərin əhəmiyyətindən danışıblar və iştirakçılara uğur arzulayıblar.
Gürcüstan Müdafiə Qüvvələrinin Qərb komandanı, briqada generalı Koba Qriqolia və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi, polkovnik Uilyam Koks Gürcüstanda beynəlxalq təlimlərə birlikdə rəhbərlik edirlər. Təlimlərin açılış mərasimində Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri, Gürcüstanda akkreditə olunmuş müdafiə attaşeləri, NATO-nun əlaqələndirici ofisi, NATO-Gürcüstan Əsas Paketinin (SNGP) əsas qrupu, ABŞ səfirliyinin müdafiə sahəsində əməkdaşlıq xidməti (ODC) və Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) nümayəndələri iştirak ediblər.
“Agile Spirit 2025” regionun iki ölkəsində – Gürcüstan və Türkiyədə keçirilir, bu da regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Təlimin icrasına Türkiyədə Adana əyalətinə yaxın ərazidə Amerika-Türkiyə birgə hava-desant əməliyyatı ilə iyulun 21-də başlanılıb.
“Agile Spirit 2025” təlimində Gürcüstan, ABŞ və Türkiyə müdafiə qüvvələrinin nümayəndələri ilə birlikdə daha səkkiz ölkənin hərbi qulluqçuları iştirak edirlər. Təlimə həmçinin iki çoxmillətli alt bölmə cəlb olunub. Təlimlərin gedişini iki ölkənin müşahidəçiləri izləyəcəklər.
Təlimin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, qarşılıqlı uyğunluğun və operativ imkanların gücləndirilməsidir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.