Gürcüstanda hava məkanının və hava limanlarının buraxılış qabiliyyətinin qiymətləndirilməsi məsələləri üzrə Eurocontrol ekspertlərinin işgüzar səfəri baş tutub
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində olan Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) ekspertlərinin Gürcüstana növbəti işgüzar səfəri baş tutub.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, agentlikdə keçirilən işgüzar görüşdə EUROCONTROL ekspertləri Gürcüstan tərəfinə 2025-ci ilin avqustundan etibarən Gürcüstanın hava məkanının və beynəlxalq hava limanlarının buraxılış qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı hazırlanmış aralıq hesabatın nəticələrini təqdim ediblər.
Müzakirələr zamanı mövcud hava hərəkəti axınlarının optimallaşdırılması, hava limanlarının infrastrukturu, müəyyən edilmiş əməliyyat prosedurları və müvafiq xidmətlər arasında koordinasiya məsələlərinə toxunulub.
Səfər çərçivəsində EUROCONTROL və Mülki Aviasiya Agentliyinin nümayəndələri Kutaisi və Batumi beynəlxalq hava limanlarının müvafiq infrastrukturu ilə tanış olublar. Dispetçer məntəqələrində və aerodromların əməliyyat xidmətlərində hava hərəkəti dispetçerlərinin və uçuş operatorlarının iş yükünün monitorinqi aparılıb.
Yekun hesabatın hazırlanması məqsədilə ekspertlər hava hərəkəti axınlarının və buraxılış qabiliyyətinin təşkili üçün görülən tədbirləri araşdırıb, həmçinin hava məkanının və terminalların buraxılış qabiliyyətinin qiymətləndirilməsi üçün zəruri olan digər məlumatlarla tanış olublar.
Görüşlərdə insan amilinin buraxılış qabiliyyətinə təsiri xüsusi vurğulanıb. Hava limanlarını idarə edən şirkətlərin və aeronaviqasiya xidmətləri müəssisəsinin mütəxəssisləri hava limanlarında buraxılış qabiliyyətinin araşdırılması, eləcə də mövcud və gələcək imkanların düzgün təhlili istiqamətində biliklərini artırıblar.
Avropa İttifaqı ilə Vahid Avropa Hava Məkanı haqqında saziş çərçivəsində Mülki Aviasiya Agentliyi 2025-ci ildə hava hərəkəti axınlarının təşkili qaydasını qəbul edib. Bu sənəd müvafiq Avropa reqlamentinin — (Aİ) № 255/2010 tələbləri əsasında hazırlanıb. Reqlamentin tətbiqi çərçivəsində agentlik yeni tələblərin effektiv şəkildə həyata keçirilməsinə yönəlmiş bir sıra tədbirlər təşkil edib.
Məlumatı Mülki Aviasiya Agentliyi yayıb.