Gürcüstan Xarici İşlər Nazirliyinə İranın səfiri çağırılıb – səfirə izah edilib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini öz mandatları çərçivəsində həyata keçirməlidirlər

17:02, 30.09.2026

2026-cı il sentyabrın 30-da sosial şəbəkədə yayılan bəyanatlarla əlaqədar İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisi­aşvili İran səfirinə onun sosial şəbəkədə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını izah edib.

Nazir müavininin sözlərinə görə, bu cür bəyanatlar ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və belə halların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib ki, Gürcüstan tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac yaranmasın.

Aleksandre Xvti­si­aşvili İran səfirinə həmçinin izah edib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərin qəbul edilmiş normalarına riayət etməli və qəbul edən ölkənin tarixi və daxili məsələlərini şərh etməkdən çəkinməlidirlər.

Qeyd edək ki, İranın Gürcüstandakı səfiri Əli Moucani “Facebook” səhifəsində Kraliça Ketevanın təsviri ilə bağlı paylaşım edib.

Səfir paylaşımında bildirib ki, həmin axşam İslam Respublikasının Gürcüstandakı səfirliyinin fasadı Kraliça Ketevanın təsviri ilə işıqlandırılıb. Onun sözlərinə görə, bu təsvir yalnız tarixi şəxsiyyətin xatirəsi ilə bağlı deyil, həm də bu günə qədər müxtəlif versiyaların mövcud olduğu tarixi yaddaşın simvoludur.

Əli Moucani bildirib ki, yaxın zamanda Kraliça Ketevan, eləcə də İranda və Gürcüstanda qorunan sənədlər və tarixi mənbələrlə bağlı apardığı ilkin araşdırmanın nəticələrini paylaşacaq. O, materialın nə rəsmi versiya, nə də Kraliça Ketevan haqqında son söz iddiası olmayacağını, araşdırmanın hazırkı mərhələsində tarixçinin şəxsi baxışı və qiymətləndirməsi olduğunu qeyd edib.

Səfir əlavə edib ki, bu qiymətləndirmə gələcəkdə əlavə mənbələr əsasında, həmçinin gürcü və iranlı tədqiqatçıların birgə araşdırmaları nəticəsində tamamlanmalı, təhlil edilməli, tənqidi şəkildə yenidən nəzərdən keçirilməli və ya düzəliş edilə bilər. Onun sözlərinə görə, belə tarixlərin yenidən dərk edilməsi keçmişə qayıtmaqdan daha çox, bu gün bir-birini daha yaxşı və dərindən tanımaq imkanı yarada bilər.

Oxşar