Gürcüstan Xarici İşlər Nazirliyi – Ümid edirik ki, altı aylıq müddət ərzində Avropa İttifaqı ədalət prinsiplərini rəhbər tutacaq və Qulevi zavoduna qarşı sanksiya tətbiq edilməsi qərarına yenidən baxacaq

14:13, 24.07.2026

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının sanksiyalarının 21-ci paketinə Qulevidə yerləşən neft emalı zavodunun daxil edilməsi ilə bağlı qəbul edilən qərardan narahatlığını ifadə edib. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqının sanksiyalarının 21-ci paketinin hazırlanması prosesində Gürcüstan tərəfi Avropa Komissiyasına Qulevi neft emalı zavodunun sanksiya siyahısına daxil edilməsinin faktiki və hüquqi əsaslarının olmadığını təsdiqləyən müvafiq sənədləri təqdim edib.

“Gürcüstan Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiya rejimini, onun kontekstini tam nəzərə alır və Gürcüstan ərazisindən sanksiyalardan yayınmaq məqsədilə istifadə olunmaması üçün bütün zəruri tədbirləri görür. Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır.

Bu əməkdaşlıq çərçivəsində Gürcüstanın aidiyyəti qurumları Avropa İttifaqı institutlarına bütün zəruri məlumat və izahatları vaxtında təqdim edir. Gürcüstan dövlət qurumlarının effektiv fəaliyyətini həm də bu fakt təsdiqləyir ki, indiyədək Gürcüstan ərazisində Avropa İttifaqının sanksiyalarından yayınma ilə bağlı heç bir hal qeydə alınmayıb.

Avropa İttifaqının sanksiyalarının 21-ci paketinin hazırlanması zamanı Gürcüstan tərəfi Avropa Komissiyasına Qulevi neft emalı zavodunun sanksiya siyahısına daxil edilməsinin heç bir faktiki və hüquqi əsasa malik olmadığını birmənalı şəkildə təsdiqləyən hərtərəfli məlumat və müvafiq sənədlər təqdim edib.

Gürcüstan Xarici İşlər Nazirliyi ümid edir ki, Avropa Komissiyasının müvafiq xidmətləri və Avropa İttifaqına üzv dövlətlər qərarla müəyyən edilmiş altı aylıq müddət ərzində ədalət prinsipini rəhbər tutacaq və qərara yenidən baxacaqlar.

Gürcüstan Avropa İttifaqı institutları ilə əməkdaşlığa və bütün zəruri məlumatları təqdim etməyə hazırdır”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının sanksiyalarının 21-ci paketinə Qulevidə yerləşən neft emalı zavodu daxil edilib. Sanksiyaların qüvvəyə minməsi üçün altı aylıq müddət müəyyənləşdirilib.

Oxşar