Gürcüstan və Ukrayna milli komandalarının qarşılaşmasının canlı yayımı Birinci Kanalda. #1TVSPORT

10:15, 28.09.2026

Gürcüstan millisi Millətlər Liqasının ikinci turunda “Dinamo Arena”da Ukraynanı qəbul edəcək. Şimali İrlandiya ilə uğursuz startdan — 0:1 hesablı məğlubiyyətdən — sonra “xaçlılar” doğma azarkeşləri önündə özünü doğrultmağa çalışacaq. Qarşılaşmanın canlı yayımını Gürcüstanın Birinci Kanalı saat 19:50-dən təqdim edəcək.
Yeni baş məşqçi
“Xaçlılar” bu oyuna yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Gürcüstan millisində Villi Sanyol dövrü başa çatıb. Şimali İrlandiyaya evdə məğlubiyyətdən sonra fransalı mütəxəssis istefa verib və baş məşqçi postuna Ramaz Svanadze təyin olunub.
Onu çətin vəzifə gözləyir. Azarkeşlər Sanyolun 2021-ci ilin fevralında milli komandaya gəlişindən sonra başlayan uğurların davamını gözləyirlər. Bu uğurlar 2024-cü ildə tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsində iştirakla zirvəyə çatdı. Sanyolun rəhbərlik etdiyi komanda qitə çempionatının ən güclü 16 yığması arasında yer almağı da bacardı.

Avropa çempionatından sonra isə komandanın nəticələri pisləşməyə başladı. Gürcüstan millisi ardıcıl iki seçmə mərhələdə uğursuz çıxış etdi — 2024-25-ci illər Millətlər Liqasında və 2026-cı il dünya çempionatının seçmə mərhələsində. Millətlər Liqasının yeni mövsümündə də ilk oyunda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzdu. Nəticədə, müstəqillik tarixində ölkəyə ən böyük sevinclərdən birini yaşadan baş məşqçi ilə yolları ayırmaq qərarı verildi.

Ramaz Svanadze 2028-ci ilin sonunadək “xaçlılar”a rəhbərlik edəcək. Gürcüstan millisinin yeni baş məşqçisi futbolçu karyerası zamanı sağ cinah müdafiəçisi kimi çıxış edib. O, Tbilisi “Dinamo”sunda və Gürcüstanın gənclər millisində oynayıb. Lakin zədə səbəbindən futbolçu karyerasını vaxtından əvvəl başa vurmalı olub.

Məşqçilik fəaliyyətinə “Dinamo Tbilisi”də başlayıb. Daha sonra Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət millisinə rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə komanda iki dəfə Avropa çempionatının final mərhələsində iştirak edib.

45 yaşlı Svanadze milli komandanın yeni nəslini təşkil edən futbolçuları yaxından tanıyır. O, 2020-ci ildə, Vladimir Vaysın istefasından sonra, Estoniya ilə keçirilən və 0:0 hesabı ilə başa çatan oyunda Gürcüstan millisinin baş məşqçisi kimi bir matça rəhbərlik edib. AVRO-2024-də isə Villi Sanyolun məşqçilər korpusunda yer alıb.

Bütün bunları nəzərə alsaq, onun baş məşqçi postuna təyin olunması məntiqli seçim kimi qiymətləndirilib.

Yeni baş məşqçinin komandaya uyğunlaşması üçün demək olar ki, vaxtı yoxdur. Ötən oyun isə əlavə problemlər də yaradıb. Müdafiəçilər Luka Loçoşvili və Saba Qoqliçidze matçın sonlarında zədə alıblar. Bu səbəbdən onların Ukrayna ilə oyunda iştirakı sual altındadır.
Svanadze heyətdə müəyyən dəyişikliklərə, xüsusilə də yarımmüdafiədə əl ata bilər. Müdafiəyönümlü Anri Mekvabişvilinin əvəzinə daha çox hücuma meyilli Otar Kiteişvili meydana çıxa bilər.

“Ukrayna millisinin baş məşqçisi postunda rəsmi debütündən sonra Andrea Maldoranı növbəti sınaq gözləyir. Tbilisidə ukraynalılar yeni baş məşqçisi olan Gürcüstan millisi ilə qarşılaşacaqlar. Bu görüşün əsas maraq doğuran məqamlarından biri də məhz budur”, — Ukrayna mətbuatı qarşıdakı oyunu belə şərh edib.

Gürcüstan millisində baş məşqçinin dəyişməsi Ukrayna yığmasının məşqçilər korpusuna da müəyyən çətinliklər yaradacaq. Ukraynalılar uzun müddətdir gürcülərlə qarşılaşmaya hazırlaşır və Villi Sanyolun tətbiq etdiyi tanış oyun sxemini neytrallaşdırmaq üzərində işləyirdilər. İndi isə yeni baş məşqçinin nələri dəyişəcəyi məlum deyil.

Ukrayna millisinin problemləri
Andrea Maldoranın debüt oyununda Ukrayna millisi Budapeştdə Macarıstanı 1:0 hesabı ilə məğlub edib. Hesabı açdıqdan sonra ukraynalılar təşəbbüsü rəqibə verərək əsasən onun hücumlarının qarşısını almağa çalışıblar.
Lakin Tbilisidə yalnız müdafiə olunmaq və fiziki dözümlülük kifayət etməyəcək. Ukrayna millisi aqressivlik və mübarizə əzmi də nümayiş etdirməli olacaq.

Vəziyyəti heyətlə bağlı problemlər də çətinləşdirir. Dovbik və Yarmolyuk zədəlidirlər, Andriyevski əməliyyat keçirib. Nazarennko isə Macarıstanla oyunun sonlarında aldığı qırmızı vərəqəyə görə diskvalifikasiya olunub.

Hücum xəttində Maldora müəyyən yeniliklər tətbiq edib və böyük ehtimalla Tbilisidə də bu variantdan istifadə edəcək. Sikan və Vanatın duetinə Sudakov da dəstək verir. Bu taktiki sxem ilk oyunda özünü doğruldub. Buna görə də oyun planının yenə bu üç futbolçunun üzərində qurulacağı gözlənilir. Krasnopirin isə ehtiyat oyunçular skamyasından meydana qoşulacağı təqdirdə, daha çox oyun vaxtı ala bilər.
Hakim Azərbaycandandır
Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. O, ötən mövsüm Azərbaycan çempionatının ən sərt hakimlərindən biri olub — hər oyuna orta hesabla 4,77 sarı vərəqə göstərib.
Ağayev 13 matçda 6 futbolçunu meydandan qovub və 5 penalti təyin edib.

Beynəlxalq oyunlarda isə Ağayev orta hesabla hər qarşılaşmada 3,43 xəbərdarlıq və 24,14 qayda pozuntusu qeydə alır. O, keçirdiyi 14 beynəlxalq oyunda 6 penalti təyin edib.

Oxşar