Gürcüstan və Ukrayna COST-un tamhüquqlu üzvü oldular

17:10, 01.04.2022

Gürcüstan və Ukrayna Avropa Elm və Texnologiya Əməkdaşlıq Assosiasiyasının (COST) tamhüquqlu üzvü olublar.

Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin dəstəyi ilə Gürcüstan hökuməti Gürcüstanın COST Assosiasiyasına qoşulması istiqamətində fəal iş aparır.

Onların sözlərinə görə, 2021-ci ilin dekabrında təhsil və elm naziri Mixail Çxenkeli Brüsselə işgüzar səfəri zamanı COST Avropa Assosiasiyasının direktoru Ronald de Bruyne ilə görüşüb və Gürcüstanın COST-a tamhüquqlu üzvlüyü məsələsini şəxsən müzakirə edib.

2022-ci il fevralın 14-də Mixeil Çxenkeli Gürcüstanın Assosiasiyaya qoşulması üçün müvafiq ərizə verib. Nəticədə martın 30-31-də Parisdə Qubernatorlar Komitəsinin və Baş Assambleyanın iclası keçirilib, burada COST-a üzv dövlətlərin nümayəndələri yekdilliklə Gürcüstan və Ukraynanın Avropa Əməkdaşlıq Ailəsinə qoşulmasını dəstəkləyib və hər iki ölkə COST-un tamhüquqlu üzvü olub.

“Mən bütün Gürcüstanı, xüsusən də Gürcüstanın elmi ictimaiyyətini Avropa Elm və Texnologiya Əməkdaşlığı Assosiasiyasına (COST) tamhüquqlu üzvlük münasibəti ilə təbrik edirəm. Bu, Gürcüstanın Aİ-yə üzvlük yolunda daha bir addımdır. Bizim müraciətimizlə bağlı COST-un yüksək rəhbərliyi tərəfindən yekdilliklə qəbul edilmiş müsbət qərar Gürcüstanın elmi sahəsinin Avropa tədqiqat məkanının bir hissəsi olduğunun əyani sübutudur. Mən şadam ki, bundan sonra gürcü tədqiqatçıları və novatorları COST-un müxtəlif şəbəkə alətlərindən tam istifadə etmək, beynəlxalq elmi əlaqələri genişləndirmək və gücləndirmək və tədqiqat layihələrinin beynəlxalq uğurunu təmin etmək imkanı əldə edəcəklər. Avropa Elm və Texnologiyalar Assosiasiyasının (COST) tamhüquqlu üzvü statusu çox mühüm nailiyyətdir ki, bu da ölkəmizin elmi sahəsinin nümayəndələrinə qurumun strateji gələcəyinin formalaşmasında iştirak etməyə imkan verəcək”, – dedi Təhsil naziri Mixeil Çxenkeli.

Öz növbəsində, COST Assosiasiyasının prezidenti, professor Alain Beretz Gürcüstan və Ukraynaya COST-a tamhüquqlu üzvlük verilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, təşkilat bu iki ölkənin Avropa tədqiqat və innovasiya mənzərəsinə inteqrasiyasını asanlaşdıracaq.

Qeyd edək ki, COST Assosiasiyası 1971-ci ildə əsası qoyulmuş elm və texnologiya sahəsində ən qədim Avropa təşkilatlarından biridir. Təşkilatın məqsədi seminarlar, konfranslar, yay elm məktəbləri və birgə layihələrin təşkili vasitəsilə avropalı tədqiqatçılar arasında əlaqələrin qurulmasına kömək etmək, eləcə də onların tədqiqat fəaliyyətləri haqqında məlumatlılığı artırmaqdır.

Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyi yayıb.

Oxşar