Gürcüstan və Türkiyənin paytaxtları arasında birbaşa uçuşlar bərpa olunub
Gürcüstan və Türkiyənin paytaxtları arasında birbaşa uçuşlar bərpa olunub

 

Aşağıbüdcəli türk aviaşirkəti “AJet” Ankaradan Tbilisi istiqamətində ilk birbaşa reysini həyata keçirib. Aviaşirkət Ankara-Tbilisi-Ankara marşrutu üzrə həftədə dörd reys tezliyi ilə uçuşlar həyata keçirəcək. “AJet” aviaşirkəti Türkiyənin ən böyük aviadaşıyıcısı olan “Turkish Airlines”ın törəmə şirkətidir.

Hava Limanları Birliyinin məlumatına əsasən, ilk reyslə Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia və “AJet” aviaşirkətinin baş direktoru Kerem Sarfi Tbilisiyə gəliblər.

“Tbilisi Beynəlxalq Hava Limanında inauqurasiya reysi ilə əlaqədar Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili, Mülki Aviasiya Agentliyinin və Tbilisi və Batumi beynəlxalq hava limanlarının operator şirkəti “TAV Georgia”nın nümayəndələrinin iştirak etdiyi qəbul keçirilib.
“AJet” aviaşirkəti tərəfindən Ankara-Tbilisi arasında birbaşa uçuşların başlaması haqda məlumat Gürcüstan Prezidentinin Türkiyəyə səfəri zamanı yayılıb. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə birgə həmsədrliyi ilə keçirilən Gürcüstan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bu məsələni həmçinin müzakirə ediblər. Mariam Kvrivişvili Ankara ilə Tbilisi arasında birbaşa uçuşların başlamasını həmçinin Türkiyə Hava Yollarının yüksək rəhbərliyinin nümayəndələri ilə görüşdə müzakirə edib. Gürcüstan qonşu ölkələr arasında ən aktiv hava hərəkətinə məhz Türkiyə ilə malikdir. Ötən ilin göstəricilərinə əsasən, iki ölkə arasında bir milyon iki yüz mindən çox sərnişin daşınıb, bu isə Gürcüstanla qonşu ölkələr arasında ümumi sərnişin axınının 47 faizini təşkil edib.

2025-ci ilin ilk səkkiz ayına olan vəziyyətə görə, Gürcüstanın hava limanlarında rekord sayda 24 mindən çox beynəlxalq və daxili reyslər həyata keçirilib. Yanvar-avqustda yerinə yetirilən sərnişin və yük reyslərinin sayı (24 915) 2024-cü ilin eyni dövründə yerinə yetirilən uçuşların sayını 15%-lə üstələyir. Bu günə olan vəziyyətə görə, hər üç beynəlxalq hava limanında uçuşlar həftədə təxminən 700 reys tezliyi ilə həyata keçirilir. 2025-ci ilin ilk 8 ayında Gürcüstanın hava limanlarından ümumilikdə 5 635 975 sərnişin istifadə edib, bu isə 2024-cü ilin eyni dövründə qəbul edilən sərnişinlərin sayını 14 faizlə üstələyir” – yayılmış məlumatda deyilir.