Gürcüstan və Serbiya arasında birbaşa hava əlaqəsi iyunun 15-dən başlayacaq
Gürcüstan aviasiya bazarına 2025-ci ilin iyunun 15-dən yeni Avropa hava yolu şirkəti “Air Serbia” daxil olur. Bu haqda məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.
Qurumun məlumatına əsasən, hava yolu şirkəti Belqraddan Tbilisiyə və əksinə, həftədə 3 reys tezliyi ilə birbaşa müntəzəm uçuşları “Airbus 319” ilə həyata keçirəcək.
Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvilinin bəyanatına əsasən, Gürcüstan və Serbiya arasında bu vaxta qədər birbaşa müntəzəm hava əlaqəsi heç vaxt olmayıb.
“Gürcüstan aviasiya bazarına Serbiyanın “Air Serbia” flaqman hava yolu şirkətinin daxil olmasına görə şadıq. Gürcüstan Hava Limanları Birliyi hava yolu şirkəti ilə bir neçə il ərzində danışıqlar aparıb, son dövrlərdə isə bu danışıqlar daha intensiv olub. Danışıqların yekun fazasında Tbilisi və Batumi hava limanlarının operatoru olan “TAV Georgia” şirkəti prosesə daxil olub. Nəhayət, hava yolu şirkəti ilə razılaşdıq ki, yay aviasiya mövsümündə paytaxtlarımız arasında birbaşa hava əlaqəsi həftədə 3 reys tezliyi ilə həyata keçiriləcək. Hava yolu şirkəti Belqrad və Tbilisi arasında bütün il boyu fəaliyyət göstərəcək” – Levan Moseşvili bildirib.
Məlumat üçün bildirək ki, “Air Serbia” 1927-ci ildə təsis edilmiş Serbiyanın ilk milli hava yolu şirkəti “Aeroput”un varisidir. Gürcüstan Hava Limanları Birliyinin məlumatına əsasən, 2024-cü ildə Gürcüstan və Serbiya arasında ümumi sərnişin axını 16,839 sərnişin olub ki, bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 66% çoxdur.