Gürcüstan və Özbəkistan Respublikası arasında beynəlxalq yükdaşımalar üzrə rəqəmsal icazə sistemi fəaliyyətə başladı

19:54, 22.08.2026

 

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin publik hüquqi şəxs Quru Nəqliyyatı Agentliyi Gürcüstan və Özbəkistan Respublikası arasında beynəlxalq avtomobil yükdaşımaları üçün rəqəmsal icazə sənədlərinin verilməsi və mübadiləsi mexanizmini uğurla işə salıb.

Qurumun məlumatına əsasən, yeni sistem daşıyıcılara icazə sənədlərindən tamamilə elektron formatda istifadə etmək imkanı verir. Rəqəmsal mexanizm icazələrin sürətli və təhlükəsiz mübadiləsini, uçotunu və nəzarətini təmin edir, inzibati və texniki maneələri azaldır və daşıma prosesinin səmərəliliyini artırır.

Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin bəyan etdiyi kimi, rəqəmsal icazə sisteminin tətbiqi beynəlxalq avtomobil yükdaşımalarının idarə olunmasında müasir standartların bərqərar edilməsi istiqamətində atılmış mühüm addımdır.

“Azərbaycan, Türkiyə və Qazaxıstanla analoji sistemlərin uğurla fəaliyyətə başlamasından sonra Özbəkistanla rəqəmsal formata keçid bu prosesin məntiqi davamı və daha bir mühüm irəliləyişdir. Sözügedən əməkdaşlıq Orta Dəhlizin artan rolu fonunda xüsusi əhəmiyyət kəsb edir, çünki sürətli, təhlükəsiz və rəqəmsal icazə prosedurları dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, yüklərin maneəsiz hərəkətinə və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit və logistika halqası kimi mövqelərinin möhkəmlənməsinə töhfə verir. Tərəfdaş ölkələrlə nəqliyyat proseslərinin rəqəmsal transformasiyası agentliyin prioritetlərindən biridir” – Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadze bildirib.

Agentlik rəqəmsal icazə sisteminə mərhələli keçidi digər tərəfdaş ölkələrlə də planlaşdırır. Sözügedən proses avtomobil nəqliyyatı əlaqələrinin gücləndirilməsinə, ticarət və logistika prosedurlarının sadələşdirilməsinə və Gürcüstanın regional tranzit və logistika qovşağı kimi rolunun daha da möhkəmlənməsinə kömək edəcək.

Oxşar