Gürcüstan və Kabo-Verde milli komandalarının oyunu Birinci Kanaldan canlı yayımlanacaq – Kutaisidə anşlaq gözlənilir #1TVSPORT
Gürcüstan və Kabo-Verde milli komandalarının oyunu Birinci Kanaldan canlı yayımlanacaq – Kutaisidə anşlaq gözlənilir #1TVSPORT

Gürcüstan milli komandası iyun toplanışını Kabo-Verde ilə yoldaşlıq oyunu ilə başa vuracaq – görüş 8 iyun tarixində Kutaisidəki Ramaz Şengelia adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq. Matç birbaşa olaraq Gürcüstanın Birinci Kanalında yayımlanacaq.

Gürcüstan millisi 7 iyunda oyunun keçiriləcəyi stadionda son məşqini keçirdi və məşqdə 23 futbolçu iştirak etdi. Məlumata görə, bu dəfə baş məşqçi Villi Sanyol komandanın əsas liderlərini çağırmayıb və Kabo-Verde ilə qarşılaşmada yenilənmiş heyətlə çıxış edəcək.

“Xaçlıların” rəqibi kifayət qədər güclü komandadır. Kabo-Verde millisi Dünya Çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin altı turundan sonra 13 xalla qrupun lideridir və finişə dörd tur qalmış Kamerun millisini bir xal qabaqlayır. Qrupda yalnız birinci yerin sahibi birbaşa Dünya Çempionatına vəsiqə qazanır, ikinci yer sahibləri isə pley-off mərhələsində şanslarını sınayacaqlar.

Gürcüstan millisi Kutaisidə üçüncü dəfə oynayacaq. İlk oyun 2001-ci ildə Azərbaycan yığması ilə olub və Gürcüstan 1:0 hesabı ilə qalib gəlib. İkinci oyun isə 2017-ci ildə Belarus millisi ilə keçirilib və 2:2 hesablı heç-heçə ilə nəticələnib – hər iki oyun yoldaşlıq görüşü olub.

Yayılan məlumata görə, Gürcüstan və Kabo-Verde arasında keçiriləcək qarşılaşmaya bütün biletlər satılıb və stadionda anşlaq gözlənilir.