Gürcüstan və Ermənistanın baş nazirlərinin birgə sədrlik etdiyi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib.
Gürcüstan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, İrakli Kobaxidze və Nikol Paşinyan komissiyanın 15-ci iclasında müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi üzrə pozitiv dinamika və gələcək perspektivlər barədə müzakirələr aparıblar.
Gürcüstan Baş Naziri Sərkərə Paşinyan ilə strateji tərəfdaşlığa, artan əməkdaşlığa və regionda sabitliyin əhəmiyyətinə diqqət çəkib:
“Ölkələrimiz arasında çoxşaxəli formatlar mövcuddur ki, bu da tərəfdaşlığımızın inkişafına müsbət təsir göstərir. Ermənistan stabil olaraq Gürcüstanın əsas ticarət tərəfdaşları sırasındadır. Ermənistandan Gürcüstana gələn ziyarətçilərin sayı baxımından isə Ermənistan əsas üçlükdədir. Ticarət-iqtisadi əlaqələrdən kənar, bizi təhsil, mədəniyyət, xalqlararası əlaqələr və strateji sahələrdə sıx əməkdaşlıq birləşdirir. Bütün bunlar göstərir ki, əməkdaşlıq bütün istiqamətlərdə daha da dərinləşdirilə bilər. Eyni zamanda, regionda sabitliyin qorunması çox önəmlidir. Regionumuzda son dövrdə inkişaf edən tendensiyalar bizi sevindirir. Sizin və Azərbaycan arasında imzalanan sülh sazişi də çox önəmli idi. Bütün bunlar bölgəmizin gücləndirilməsi və inkişafı üçün möhkəm baza yaradır. Cənab Baş Nazir, şəxsi töhfəniz üçün təşəkkürümü bildirirəm. Biz bunu yüksək qiymətləndiririk”, – deyə İrakli Kobaxidze bildirib.
Ermənistan Baş Naziri isə Gürcüstanın Ermənistana və Azərbaycanla sülh prosesinə davamlı dəstəyinə görə təşəkkürünü bildirib və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının pozitiv dinamikasına diqqət çəkib:
“Müstəqilliyin əldə edilməsindən bəri Ermənistana Gürcüstandan yük qatarları gəlir və ümid edirik ki, dəmiryolu əlaqəsi ticarəti daha da artıracaq. Bu sahədə dəstəyiniz qiymətlidir. Gürcüstanın dəstəyi ilə Ermənistan, Gürcüstan və Azərbaycan arasında üçtərəfli ticarət və əlaqələr dərinləşib. Ermənistan və Azərbaycan arasında sülh əlbəttə ki, regionumuz üçün mühiti yaxşılaşdırır. Biz gələcəkdə də Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini şəriksiz dəstəkləyəcəyik. Xalqımız arasında tarixi əlaqələr çox yaxşı və pozitivdir. Bu, vacib və əsas dəyərdir”, – deyə Nikol Paşinyan vurğulayıb.
Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak ediblər.