Gürcüstan və Birləşmiş Krallıq arasında strateji partnyorluq barəsində razılaşma imzalandı
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Birləşmiş Krallığın xarici və həmdostluq işləri üzrə dövlət katibi, Dominik Raab bu gün “Gürcüstan və Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı arasında strateji partnyorluq və əməkdaşlıq razılaşması” barəsində müqaviləni imzaladılar.
Razılaşma Avropa İttifaqından Birləşmiş Krallığın çıxmasından sonra qüvvəyə minəcək. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, razılaşma breksitdən sonra Böyük Britaniya ilə ikitərəfli əlaqələrdə Gürcüstan və Avropa İttifaqı arasında mövcud assosiyasiya razılaşmasını əvəz edəcək.
Razılaşma müxtəlif sahələri əhatə edir: xarici və təhlükəsizlik siyasəti, beynəlxalq hüquq prinsiplərinə hörmət, münaqişələrin sülh yolu ilə həll olunmasına imkanların yaradılması, iqtisadi dialoq, nəqliyyat, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişiklikləri ilə mübarizə, maliyyə servisləri, turizm, kənd təsərrüfatı, sosial siyasət və səhiyyə, təhsil və mədəniyyət sahələri, bölgə əməkdaşlığı və başqa.