Gürcüstan üzrə modul tipli müvəqqəti məktəb infrastrukturlarının qurulması planlaşdırılır

12:41, 27.08.2026

Gürcüstan İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu ölkə üzrə modul tipli müvəqqəti məktəb infrastrukturlarının qurulmasını planlaşdırır. Modul konstruksiyaların satın alınması məqsədilə Fond artıq tender elan edib.
İnfrastruktur Nazirliyinin məlumatına görə, modul tipli müvəqqəti məktəb infrastrukturlarının alınması barədə qərarı İnfrastruktur və Təhsil nazirlikləri birgə qəbul edib.
Təşəbbüsün məqsədi yeni məktəblərin tikintisi və mövcud məktəblərin təmiri zamanı şagirdlər üçün vaxtında təhlükəsiz, tam təchiz olunmuş və tədris prosesinə uyğun müvəqqəti məkanlar yaratmaqdır. Bununla tikinti işləri səbəbindən tədris prosesinin dayanmasının qarşısının alınması və şagirdlərin digər məktəblərə köçürülməsi ehtiyacının minimuma endirilməsi nəzərdə tutulur.
Modul məktəblər zavod şəraitində hazırlanmış, tam təchiz olunmuş və daşına bilən tədris məkanlarından ibarət məktəb kompleksləridir. Onların yerində quraşdırılması qısa müddətdə mümkündür. Bu modullardan yeni məktəb binasının tikintisi və ya mövcud binanın təmiri zamanı şagirdlər üçün müvəqqəti tədris məkanına ehtiyac yaranan məktəblərdə istifadə olunması planlaşdırılır.
Modul məktəblər sayəsində şagirdlər təhsillərini müvəqqəti olaraq birbaşa məktəbin ərazisində və ya onun yaxınlığında, təhlükəsiz və tam təchiz olunmuş şəraitdə davam etdirə biləcəklər. Bu, şagirdlərin digər məktəblərə köçürülməsi və gündəlik daşınması ehtiyacını azaldacaq, həmçinin tədris prosesinin fasiləsizliyinə kömək edəcək.
Layihə istifadəyə hazır məktəb modullarının alınmasını və ehtiyacdan asılı olaraq onların yerində quraşdırılmasını nəzərdə tutur. Zərurət yarandıqda müvafiq ərazilərdə xarici mühəndis-kommunikasiya infrastrukturu da yaradılacaq.
Layihə çərçivəsində bir neçə tip üzrə ümumilikdə 750-dək modulun alınması nəzərdə tutulur: 600 sinif otağı, 100 inzibati və 50 sanitar qovşaq modulu.
Hər bir sinif otağı modulu 10-12 şagird və bir müəllim üçün nəzərdə tutulacaq. İnzibati modullarda məktəb rəhbərliyi, mandatçı və həkim üçün iş yerləri, həmçinin təsərrüfat təyinatlı otaqlar və müvafiq sanitar qovşaqlar yerləşəcək.
Modullar ehtiyaca uyğun ölçüdə və planlaşdırmada vahid məktəb məkanı yaratmaq üçün bir-birinə birləşdirilə biləcək. Zərurət olduqda onların müxtəlif konfiqurasiyalarda və iki mərtəbəli şəkildə yerləşdirilməsi də mümkün olacaq.
Bütün modullar elektrik təchizatı, işıqlandırma, isitmə-soyutma, yanğın təhlükəsizliyi, videomüşahidə və informasiya-kommunikasiya sistemləri ilə təchiz ediləcək və fiziki məhdudiyyətli şəxslər üçün tam uyğunlaşdırılacaq.
Modul tipli müvəqqəti infrastruktur dəfələrlə istifadə üçün nəzərdə tutulur. Müəyyən məktəbdə ehtiyac başa çatdıqdan sonra modullar sökülərək başqa əraziyə daşına və yenidən quraşdırıla biləcək.
Nazirliyin məlumatına görə, bu cür modul tipli müvəqqəti tədris məkanlarından istifadə Avropa ölkələrində, xüsusilə məktəblərin tikintisi və təmiri zamanı müvəqqəti tədris məkanlarının sürətlə yaradılmasına ehtiyac yarandıqda, geniş tətbiq olunan praktikadır.
İnformasiyanı Gürcüstan İnfrastruktur Nazirliyi yayıb.

Oxşar