"Gürcüstan Radiosu" radio kanalına qeyri-maddi mədəni irs abidəsi statusu verildi
"Gürcüstan Radiosu" radio kanalına qeyri-maddi mədəni irs abidəsi statusu verildi

 

Gürcü radioyayımının fasiləsiz ənənəsinə – “Gürcüstan Radiosu” radio kanalına qeyri-maddi mədəni irs abidəsi statusu verildi. Məlumatı Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi yayır.

Gürcüstan Radiosu 1925-ci ilin mayın 23-dən fəaliyyət göstərir və Avropada ən qədim radiostansiyalardan biridir.

100 il əvvəl gürcü radioyayımının doğuluşu məhz ilk gürcü qadın xor rəhbəri Maro Tarxnişvili və onun komandası tərəfindən ifa edilmiş “Urmuli” ilə qeyd olunub.

1935-ci ildə efirdə ilk dəfə Akaki Tseretelinin səsi eşidildi, bu, gürcü radio tarixi üçün epoxal məqam oldu.

Mədəni İrsin Qorunması üzrə Milli Agentlikdə qeyd edirlər ki, radio, əhəmiyyətli dərəcədə, təhsil və mədəniyyəti yayan təsisat rolunu üzərinə götürdü, çünki Gürcüstan Radiosunun efirində hər zaman səlis gürcü nitqi eşidilirdi – hətta gürcü dilinə qarşı mübarizə aparıldığı vaxtlarda belə .

Məlumatlandırma, təhsil və ümumilikdə mədəniyyətin, xüsusilə isə gürcü mədəniyyətinin populyarlaşdırılması radionun birinci funksiyasına çevrildi.

Gürcüstan Radiosu özünün böyük kulturoloji ənənələrini qoruyub saxladı və inkişaf etdirdi, bu gün də bu dəyərlərlə mövcudluğunu davam etdirir. Bu, yeganə radiodur ki, burada hələ də klassik musiqi, folklor, teatr, radio tamaşaları, gürcü və dünya ədəbiyyatının əsərləri eşidilir. Burada hələ də musiqili və teatr tamaşalarının yazılması prosesi aparılır, “Qızıl fond” yeni şah əsərlərlə dolur, elmi və mədəni-maarifləndirici proqramlar hazırlanır.