Gürcüstan “Qafqaz Qartalı 2026” üçtərəfli təliminə ev sahibliyi edir
Gürcüstan, Türkiyə və Azərbaycanın Xüsusi Əməliyyat Qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başlayıb. Məlumatı Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, sahə-taktiki təlimlərinin rəsmi açılış mərasimi Muxrovanidə, mayor Qela Cediya adına Xüsusi Təyinatlı Tədris Mərkəzində keçirilib.
“Tədbirdə müdafiə nazirinin birinci müavini Paata Patiaşvili, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Ari və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak ediblər.
Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Cicinadze, Türkiyə və Azərbaycanın Gürcüstandakı hərbi attaşelərinin müavinləri və Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, polkovnik Teymuraz Ğlateişvili təlim iştirakçılarına müraciət edərək, onlara təlimin uğurla yerinə yetirilməsini arzulayıblar.
Təlimin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə Müdafiə Qüvvələrinin xüsusi əməliyyat bölmələrinin imkanlarının sinxronlaşdırılması və koordinasiyasının dərinləşdirilməsi, qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsi və təcrübə mübadiləsidir. Təlim kiçik ölçülü bölmələrin taktikasına və onların tapşırıqlarının icrasına yönəlib. Təlimi hər üç ölkənin nümayəndələrindən ibarət qiymətləndirmə qrupu izləyəcək.
Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı” üçtərəfli təlimi hər il rotasiya prinsipi ilə hər üç ölkədə keçirilir” — Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.