Gürcüstan Prokurorluğu Zurab Zviadauriyə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Zurab Zviadauriyə qarşı ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu Zurab Zviadauriyə qarşı odlu silah və döyüş sursatının qanunsuz əldə olunması, saxlanması və daşınması faktları üzrə ittiham irəli sürüb. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayır.

Qurumun qeyd etdiyi kimi, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq 9X29 mm (.38 Special) kalibrli WEBLEY SCOTT LTD konstruksiyalı №56577 revolveri və ona aid olan altı ədəd istehsalat qaydasında hazırlanmış 9X29 kalibrli patronu əldə edib, qanunsuz saxlayıb və üzərində daşıyıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci ilin sentyabrın 16-da saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (odlu silah və döyüş sursatının qanunsuz əldə olunması, saxlanması və daşınması) ilə irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək” – prokurorluğun yaydığı məlumatda deyilir.