Gürcüstan Prokurorluğu - Seçkiöncəsi dövrdə və seçki günü törədildiyi iddia edilən cinayət faktları üzrə 47 cinayət işi ilə əlaqədar istintaq gedir
Gürcüstan Prokurorluğu - Seçkiöncəsi dövrdə və seçki günü törədildiyi iddia edilən cinayət faktları üzrə 47 cinayət işi ilə əlaqədar istintaq gedir

 

Seçkiöncəsi dövrdə və seçki günü törədildiyi iddia edilən cinayət faktları üzrə 47 cinayət işi ilə əlaqədar istintaq gedir – bu haqda bəyanatı Gürcüstan Prokurorluğu yayır.

“İctimaiyyəti məlumatlandırmaq məqsədilə bəyan etmək istəyirik ki, Gürcüstan Prokurorluğunda, Daxili İşlər Nazirliyində və Xüsusi İstintaq Xidmətində seçkiöncəsi dövrdə və seçki günü törədildiyi iddia edilən cinayət faktları üzrə 47 cinayət işi ilə əlaqədar istintaq gedir, xüsusilə seçkilərin saxtalaşdırılması, seçicinin iradəsinə təsir, səsvermənin məxfiliyinin pozulması, seçiciyə rüşvət verilməsi, jurnalist fəaliyyətinə maneə törətmə, seçki komissiyasının yerləşdiyi yerdə və ya seçkiöncəsi təşviqat zamanı zorakılıq və təhdid, əmlaka ziyan vurma və məhv etmə kvalifikasiyası ilə.

Müxalifət və iqtidar partiyalarının, Mərkəzi Seçki Komissiyasının və qeyri-hökumət təşkilatlarının müraciətləri, eləcə də media ilə yayılan məlumatlar istintaqların başladılması üçün əsas olub.

İstintaq orqanlarında seçki prosesi zamanı törədildiyi iddia edilən cinayətlər barədə məlumatı və əlaqəsi olan şəxslərin intensiv şəkildə çağırılması və ifadələrinin alınması prosesi gedir. Müvafiq ekspertizalar təyin edilib, videomateriallar öyrənilir və şəxslərin kimliyi müəyyənləşdirilir, müvafiq istintaq və prosessual hərəkətlər həyata keçirilir. Buradaca, yüksək ictimai maraqdan irəli gələrək bildiririk ki, Marneulinin 69 saylı seçki məntəqəsində baş vermiş seçkilərin saxtalaşdırılması faktı üzrə iki nəfər saxlanılıb.

Qeyd edilməlidir ki, ayrı-ayrı hallarda seçki prosesi zamanı törədildiyi iddia edilən cinayətlərlə bağlı məlumat və sübutlara malik olduqlarını ictimai şəkildə bəyan edən şəxslər bu vaxtadək istintaqla əməkdaşlıq etmirlər və müvafiq məlumatı verməkdən imtina edirlər, bu da istintaq prosesini ləngidir.

Gürcüstan Prokurorluğu onları istintaq strukturlarına vaxtında getməyə və tez, səmərəli və obyektiv istintaqın aparılmasını təmin etmək üçün əməkdaşlıq etməyə çağırır” – Prokurorluq tərəfindən yayılmış bəyanatda deyilir.