Gürcüstan Prokurorluğu 4 oktyabr etiraz aksiyasında jurnalistlərin peşə fəaliyyətinə maneə törətmək faktları üzrə yeddi nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu 4 oktyabr etiraz aksiyasında jurnalistlərin peşə fəaliyyətinə maneə törətmək faktları üzrə yeddi nəfərə qarşı ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu 4 oktyabr etiraz aksiyasında jurnalistlərin peşə fəaliyyətinə maneə törətmək faktları üzrə yeddi nəfərə qarşı ittiham irəli sürüb. Bu haqda məlumatı Gürcüstan Prokurorluğu yayır.

Qurumun qeyd etdiyi kimi, iş üzrə keçirilmiş istintaqla müəyyən edilib ki, cari ilin oktyabrın 4-də Tbilisidə, Atoneli küçəsi və bitişik ərazidə keçirilən etiraz aksiyası zamanı təqsirləndirilən şəxslər – İ.Ts., Q.D., M.O., T.K., İ.P., A.Ts., V.Q. bibər spreyi sıxmaqla və fiziki maneə törətməklə, eləcə də zorakılıqla hədələməklə “İctimai Yayımçı”, “İmedi” teleşirkəti və “Rustavi 2” teleşirkətinin çəkiliş qruplarının peşə fəaliyyətinə qanunsuz şəkildə əngəl olublar.

“Altı təqsirləndirilən şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, yəni onun informasiya yaymağa və ya yaymaqdan imtina etməyə məcbur edilməsi) ilə irəli sürülüb, bu isə cəzanın növ və ölçüsü olaraq cəriməni və ya ictimaiyyət üçün faydalı işi, ya 2 ilə qədər islah işini, ya da 2 ilə qədər ev həbsini nəzərdə tutur.

Təqsirləndirilən şəxs İ.T.-yə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, yəni onun informasiya yaymağa və ya yaymaqdan imtina etməyə məcbur edilməsi, zorakılıq hədəsi ilə törədildikdə) ilə irəli sürülüb, bu isə cəzanın növ və ölçüsü olaraq cəriməni və ya iki ilə qədər müddətə azadlıqdan məhrum etməni, vəzifə tutmağı və ya 3 ilə qədər fəaliyyət hüququnun əlindən alınmasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Cinayətdə iştirak edən digər şəxslərin aşkarlanması məqsədilə istintaq davam edir” – Prokurorluğun yaydığı məlumatda deyilir.