Gürcüstan Prezidentinin sarayında Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçin rəsmi qarşılanma mərasimi keçirilib
Zoran Milanoviçi Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qarşılayıb. Mərasim çərçivəsində hər iki ölkənin dövlət himnləri səsləndirilib, həmçinin prezidentlər bir-birinə nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər.
Rəsmi səfər çərçivəsində Prezident sarayında Mixeil Kavelaşvili ilə Zoran Milanoviç arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdən sonra media üçün birgə bəyanat veriləcək.
Xorvatiya Prezidenti Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edib. Heyətin tərkibinə Xorvatiya Respublikası Prezidentinin Aparat rəhbəri Bartol Şimuniç, Prezidentin xarici və Avropa məsələləri üzrə müşaviri Neven Pelitsariç, Prezidentin iqtisadi məsələlər üzrə xüsusi müşaviri Velibor Maçekiç, Xorvatiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç və Prezident Administrasiyasının nümayəndələri daxildir.