Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

Mixeil Ğavelaşvili çıxışına Gürcüstanın tarixindən danışmaqla başladı və onun dünyada unikal yazıya, ən qədim dilə və 17 əsrlik xristianlıq ənənəsinə malik üç min illik tarixi olan ölkəni təmsil etdiyini qeyd edib. Onun bəyanatına əsasən, o, müharibənin bədəlini, eləcə də azadlığın və sülhün əhəmiyyətini bilən gürcü xalqını təmsil edir.

“Mən üç min illik tarixi olan ölkəni, dünyanın ən qədim sivilizasiyalarından birinin beşiyini və qürur və ləyaqətlə dolu igid gürcü xalqını təmsil edirəm. Dünyada unikal yazıya, ən qədim dilə və 17 əsrlik xristianlıq ənənəsinə malik ölkəni.

Gürcüstanın tarixi xalqımızın işğalçılara qarşı özünü xilas etmək uğrunda mübarizəsinin fasiləsiz salnaməsidir, bunun nəticəsində də biz möcüzəvi şəkildə mədəni kimliyimizi, ənənələrimizi və milli kimliyimizi qoruyub saxlaya bildik. Əsrlər boyu işğalçılarla fasiləsiz müharibələrə baxmayaraq, Gürcüstanda mövcud mədəni mühit hər zaman yada qarşı xüsusi dözümlülük, humanizm və insana sevgi ilə seçilirdi. Tolerantlıq, yada qarşı açıqlıq, onlarla birlikdə harmonik birgəyaşayış və rəngarənglik, ən qədim mədəniyyətimizin təməl daşını təşkil edir, bu da gürcü polifoniyasında, milli ənənələrimizdə və hər kəsə yaxşı tanış olan gürcü eposunda – Şota Rustavelinin “Pələng dərisi geyinmiş cəngavər” əsərində parlaq şəkildə əks olunub. Gürcüstan tarix boyu heç kimin etnik və ya dini zəmində təzyiq və ya təqibə məruz qalmadığı yerdir. Əksinə, biz hər zaman güclü ədalət hissi ilə seçilmişik. Mən müharibənin bədəlini, eləcə də azadlığın və sülhün əhəmiyyətini bilən gürcü xalqını təmsil edirəm. Zəngin tarixinə və ənənələrinə qayğı göstərən, lakin eyni zamanda ölkəmizin üzləşdiyi çağırışlarla başa çıxan və öhdəsindən gələn xalqı” – Gürcüstan Prezidenti bildirib.

Mixeil Ğavelaşvilinin çıxışında qeyd etdiyi kimi, mövcud bir çox çağırışlara baxmayaraq, Gürcüstan hakimiyyəti xalqın təhlükəsizliyini təmin edə bilib.

Onun bəyanatına əsasən, ölkədə sülhün qorunub saxlanması Gürcüstan hakimiyyətinin fundamental fəlsəfəsi olaraq qalır.

Prezidentin çıxışı zamanı qeyd etdiyi kimi, Gürcüstan Cənubi Qafqaz regionunda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olması üçün hər zaman dəstək verib və fəal şəkildə çalışıb. Onun bəyanatına əsasən, Gürcüstan prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü təqdir edir.

“Sülhün əhəmiyyətini dərindən dərk etdiyimizə əsaslanaraq, Gürcüstan Cənubi Qafqaz regionunun transformasiyasına öz töhfəsini verir və onu münaqişələr regionu əvəzinə, sivilizasiyalar arasında dialoq və iqtisadi rifah məkanına çevirməyə çalışır. Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü, eləcə də Rusiya-Ukrayna qanlı müharibəsinin tezliklə bitməsi üçün onun səylərini təqdir edirik. Gürcüstan Cənubi Qafqaz regionunda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olması, eləcə də qonşular arasında qarşılıqlı etimad və əməkdaşlığın dərinləşdirilməsi üçün hər zaman dəstək verib və fəal şəkildə çalışıb. Əsrlər boyu ölkəmiz sivilizasiyaların kəsişməsi və fərqli mədəniyyətlər arasında dialoq məkanı olub. Bu gün Gürcüstan öz tarixi funksiyasını geri qaytarır” – Mixeil Ğavelaşvili bildirib.

Mixeil Ğavelaşvilinin çıxışı zamanı qeyd etdiyi kimi, Gürcüstan istənilən dialoq və əməkdaşlığa açıqdır, lakin eyni zamanda hörmət, ədalətli və ləyaqətli münasibət tələb edir.

“Vəzifəmiz Amerika Birləşmiş Ştatları, Çin, Avropa İttifaqı və digər ölkələr kimi güclü iqtisadiyyatlarla konstruktiv, qarşılıqlı hörmət və qarşılıqlı faydalılığa əsaslanan münasibətləri inkişaf etdirməkdir. Biz istənilən dialoq və əməkdaşlığa açığıq, lakin eyni zamanda hörmət, ədalətli və ləyaqətli münasibət tələb edirik. Gürcü xalqının dözməyəcəyi şey ultimatumlar, təhdid və qorxutma dili ilə söhbətdir” – prezident qeyd edib.

Mixeil Ğavelaşvilinin bəyanatına əsasən, ölkənin sülhü və iqtisadi artımı qoruyub saxlaması məhz Gürcüstan hakimiyyətinin praqmatik və rasional siyasəti sayəsindədir.

“Gürcüstan BMT-nin Bəyannaməsinin fundamental prinsiplərinə və dəyərlərinə sadiqdir və beynəlxalq birliyin layiqli və məsuliyyətlə dolu üzvüdür, bu da hazırkı Gürcüstan hakimiyyətinin insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yaxşılaşdırılması baxımından göstərdiyi böyük səylərlə də təsdiqlənir. Sülhü və iqtisadi artımı qoruyub saxlamağımız məhz hakimiyyətin praqmatik və rasional siyasəti sayəsindədir, bununla da vətəndaşlarımızın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışıq. Ötən illərdə çoxsaylı çağırışlara baxmayaraq, Gürcüstan xarici şoklara qarşı heyrətamiz dayanıqlılıq göstərdi. Gürcüstanın inkişafının müsbət dinamikası dünyanın ən nüfuzlu təşkilatlarının beynəlxalq reytinqləri və göstəriciləri ilə əks olunur və təsdiqlənir” – Gürcüstan Prezidenti bildirib.