Möhtərəm Şio Gürcüstan Pravoslav Kilsəsinin yeni, 142-ci Katolikos-Patriarxı seçilib
Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş iclasında bu gün Gürcüstanın yeni, 142-ci Katolikos-Patriarxı kimi Möhtərəm Şio seçilib.
Bütün Gürcüstanın yeni Katolikos-Patriarxı, Mtsxeta-Tbilisinin baş arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Şio Üçüncü adlanır.
Yepiskoplar üç namizəd arasında seçim ediblər. Səsvermənin nəticəsinə görə, Katolikos-Patriarx taxtının müvəqqəti varisi, Senaki və Çxorotsğu mitropoliti Şio (Muciri) 22 səs, Mroveli-Urbnisi mitropoliti İobi (Akiaşvili) 9 səs, Poti və Xobi mitropoliti Qriqol (Berbicaşvili) 7 səs alıb.
Genişləndirilmiş iclasda səs hüququndan yalnız Müqəddəs Sinodun üzvləri istifadə edirdilər. Səsvermədə Sinodun 38 üzvü iştirak edib, bir səs isə ləğv edilib.
Bütün Gürcüstanın Katolikos-Patriarxının koriskoposu, dünyəvi həyatda Elizbar Teimuraz oğlu Muciri 1969-cu ilin fevralın 1-də Tbilisidə anadan olub. Tbilisinin 53 saylı orta məktəbini bitirdikdən sonra (eyni zamanda musiqi məktəbində oxuyaraq), 1988-ci ildən Elizbar Muciri Tbilisi Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1991-ci ildə Elizbar Muciri Şiomğvime monastırında rahib kimi yaşamağa başlayıb. 1993-cü ilin fevralın 5-də mürid Elizbar rahibliyə qəbul edilərək ona Şio adı verilib. O, monastırın süfrəxana xidmətinə, daha sonra iqtisadi işlərinə təyin olunub. 1995-ci ildə Şio rahib-diakon, 1996-cı ildə isə bütün Gürcüstanın Katolikos-Patriarxı İliya İkinci tərəfindən rahib-kahin təyin edilib. 1997-ci ildə o, Tbilisinin Kldisubani Müqəddəs Qiorqi kilsəsinin rəhbəri təyin olunub.
1998-ci ildə Batumi İoane Ğvtismetyveli adına dini seminariyanı bitirib və Moskva Ruhani Akademiyasının qiyabi şöbəsində təhsilini davam etdirib. 1998-ci ilin aprelin 3-də ona iğumen rütbəsi verilib və İliya Peyğəmbər kilsəsinin rəhbəri təyin olunub. 1999-cu ilin martın 6-dan Tbilisinin Ançisxati kilsəsində xidmət edib. Həmin ilin 20 sentyabrından Narikala Müqəddəs Nikolay kilsəsinin rəhbəri olub. 2001-ci ilin oktyabrından Moskva gürcü icmasının Müqəddəs Qiorqi kilsəsinin rəhbəri olub və eyni zamanda Moskva Müqəddəs Tixon dini institutunda oxuyub.
2003-cü ilin avqustun 18-də Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu onu yeni yaradılmış Senaki və Çxorotsğu yeparxiyasının rəhbəri seçib. Sentyabrın 7-də Svetitsxoveli kafedralında onun yepiskop təyinatı həyata keçirilib. 2007-ci ilin dekabrın 25-də Müqəddəs Qiorqi ordeni ilə təltif edilib. 2009-cu ildə arxiyepiskop rütbəsinə yüksəldilib. 2010-cu ilin avqustun 2-də Katolikos-Patriarxın koriskoposu təyin olunub. 2017-ci ilin noyabrın 23-də Katolikos-Patriarx taxtının müvəqqəti varisi olub, 2018-ci ilin iyunun 21-də isə brilyant xaç taxmaq hüququ alıb.