Gürcüstan Parlamentinin nümayəndə heyəti Ər-Riyadda ticarət və investisiya imkanlarını müzakirə edib
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze komitənin nümayəndə heyətinin üzvləri ilə birlikdə Səudiyyə Ərəbistanının Ticarət Palataları Federasiyasının baş katibi Valid Alorainan ilə görüşüb.
Görüşdə hər iki ölkənin investisiya potensialının daha yaxşı mənimsənilməsinə imkan verəcək Gürcüstan-Səudiyyə Ərəbistanı Biznes Forumunun əsasının qoyulması haqda danışıblar. İnformasiya texnologiyaları, bərpa olunan enerji, turizm və infrastruktur sahələrinə investisiyaların həyata keçirilməsinə və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər Gürcüstan və Fars körfəzi ölkələri arasında azad ticarət haqda müqavilənin bağlanmasının əhəmiyyətindən danışıblar.
Həmçinin, səfər çərçivəsində Səudiyyə Ərəbistanında ən nüfuzlu tədqiqat təşkilatı – Fars Körfəzi Tədqiqat Mərkəzinin rəhbəri Abdulaziz Saqerlə görüş keçirilib.
Tərəflər arasında Qara dəniz bölgəsi və Yaxın Şərqdə cari siyasi proseslər və münaqişələr haqda müzakirə keçirilib.
Tədqiqat mərkəzinin rəhbəri parlament nümayəndə heyətinin üzvlərinə Yaxın Şərqdə mövcud vəziyyət, o cümlədən Qəzza sektorunda cari hadisələr və onun həlli yolları haqda məlumat verib. Suriya, Yəmən və Yaxın Şərqin digər ölkələrində mövcud vəziyyətə diqqət yönəldilib.
Görüşdə Cənubi Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin müzakirə olunacağı birgə elmi konfransın təşkili barədə razılığa gəliblər.
Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinə komitənin sədri Nikoloz Samxaradze rəhbərlik edir. Nümayəndə heyətinin tərkibindədirlər: Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini İrakli Şatakişvili, Səudiyyə Ərəbistanı Krallığının Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Vaxtanq Turnava, İdman Komitəsinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Parlamenti ilə Dostluq Qrupunun üzvü Viktor Sanikidze.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.