Gürcüstan Parlamenti "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri qəbul edib
Gürcüstan Parlamenti "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri qəbul edib

 

Parlament “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri üçüncü dinləmədə müzakirə edib və 85 lehinə 10 əleyhinə səslə dəstəkləyib. Bu haqda məlumatı Gürcüstan Parlamenti yayır.

Onların məlumatına əsasən, qanun layihəsi ilə nəzərdə tutulan əsas dəyişiklikləri qanunvericilərə təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia təqdim edib.

“Dəyişikliklərə əsasən, tam ümumi təhsilin müddəti 11 ildən az və 12 ildən çox olmayacaq və aşağıdakı kimi bölünəcək: ibtidai (6 il – I-VI siniflər), əsas (3 il – VII-IX siniflər) və orta (2 il – X və XI siniflər və könüllü 1 il – XII sinif). Ümumi təhsilin ibtidai səviyyəsində təhsilə başlamaq üçün yaş həddi 6 yaş olacaq, şəxsin 6 yaşı sentyabrın 15-i də daxil olmaqla tamam olmalıdır

Dərs vəsaitlərinə qrif verilmə qaydası ləğv ediləcək, çünki Təhsil, Elm və Gənclik Nazirliyi ümumtəhsil müəssisələrinə dərs vəsaitlərini hazırlayacaq, onların çap edilməsini və şagirdlərə pulsuz şəkildə, müvəqqəti istifadəyə vermək məqsədilə müvafiq məktəblərə çatdırılmasını təmin edəcək.

Ümumi təhsilin ibtidai səviyyəsində şagirdlərin məktəbli forması geyinməsi məcburi olacaq və formanın nümunəsi Təhsil, Elm və Gənclik Nazirliyi tərəfindən təsdiqlənəcək. Nazirlik həmçinin dövlət məktəblərində şagirdlərin elektron ünsiyyət vasitələrindən (o cümlədən mobil telefonlardan) istifadə etməsi üçün ümumi şərtləri təsdiqləyəcək” – parlamentin yaydığı məlumatda deyilir.