Gürcüstan Milli Muzeyində “Sarı çaydan Qafqaza: Çinin Şansi əyalətinin tunc xəzinələri” adlı beynəlxalq sərgi açılıb
Gürcüstan Milli Muzeyində “Sarı çaydan Qafqaza: Çinin Şansi əyalətinin tunc xəzinələri” adlı beynəlxalq sərgi açılıb.
Məlumatı Gürcüstan Mədəniyyət Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, sərgidə Şansi Muzeyinin kolleksiyasına aid, təxminən iki min illik dövrü əhatə edən (e.ə. XVI əsr – eramızın III əsri) 36 nadir tunc eksponat nümayiş olunur.
Qədim Çin sivilizasiyasının inkişafında tunc mədəniyyəti mühüm rol oynayıb. Bu mədəniyyət Çin dövlətçiliyinin, incəsənətinin və mədəni ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
“Şansi Muzeyinin kolleksiyasının Gürcüstanda nümayişi gürcü ziyarətçiləri üçün Çin tunc sivilizasiyası ilə tanış olmaq baxımından unikal imkandır. Bu sivilizasiya dünya mədəni irsinin ən mühüm hissələrindən biridir. Belə layihələr ölkələrimiz arasında əməkdaşlığı və dostluğu gücləndirir, Gürcüstan və Çin arasında mədəni dialoqu daha da dərinləşdirir”, – deyə Gürcüstan mədəniyyət nazirinin müavini Qriqol Tsertsvadze sərginin açılış mərasimində bildirib.
Sərginin açılışında Gürcüstan Milli Muzeyinin baş direktoru Davit Lordkipanidze, Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Tsyen, Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan və Şansi Muzeyinin direktor müavini Lan Yu Tsyun iştirak ediblər.