Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti gömrük sərhədindən xüsusilə külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz keçirilməsi faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə və Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində gömrük sərhədindən xüsusilə külli miqdarda malın qanunsuz keçirilməsi faktı üzrə bir nəfəri saxlayıblar.
Qurumun məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsindən idarə etdiyi avtomobillə müxtəlif əşyaların içərisində gizlədilmiş 1 215,52 qram qızıl zinət əşyasını qanunsuz olaraq ölkəyə gətirib.
Müsadirə edilən qızıl məmulatlarının gömrük dəyəri 246 min 857 lari təşkil edir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.