Gürcüstan ilə Nauru arasında diplomatik münasibətlərinin qurulması haqqında saziş imzalanıb
Gürcüstan ilə Nauru Respublikası arasında diplomatik münasibətlər qurulub. Müvafiq sənədi Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Nauru Respublikasının Prezidenti Devid Adeanq imzalayıblar.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, Nyu-Yorkda keçirilən görüşdə baş nazir İrakli Kobaxidze Nauru Respublikasının Prezidentinə Gürcüstanın işğal altındakı əraziləri ilə diplomatik münasibətləri ləğv etdiyinə görə bir daha təşəkkür edib və qeyd edib ki, bu qərar beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının sabit və məsuliyyətli beynəlxalq münasibətlərin əsası olduğunu bir daha vurğulayır.
“Çoxşaxəli formatlarda, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə tərəfdaşlığın və xalqlararası əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər” – Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Görüşdə vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Davit Bakradze iştirak ediblər.
Xatırladaq ki, Nauru Respublikası işğal altındakı qondarma Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyinin” tanınmasını və onlar ilə diplomatik əlaqələri iyulun 29-da ləğv edib.