Gürcüstan hökumətinin qərarı ilə Xviça Kvaratsxeliya Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim olunub
Gürcüstan hökumətinin qərarı ilə Xviça Kvaratsxeliya Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim olunub

Gürcüstan hökumətinin qərarı ilə Xviça Kvaratsxeliya Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim olunub.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bəyan edib.

“Oğlumuz Xviça Kvaratsxeliyanı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik etmək istəyirəm. Bu, futbolun ən yüksək zirvəsidir. Təbii ki, bu qələbə hər birimiz üçün böyük qürur mənbəyidir. Xviçanın bu uğuru bütün ölkəmizin qələbəsi kimi qəbul olundu və hər bir azarkeş bunu belə hiss etdi. Ona yalnız təbrik yox, minnətdarlıq da borcluyuq – ölkəmizə bu qələbəni bəxş etdiyi üçün. Əminəm ki, bu, onun fəth edəcəyi bir çox zirvənin yalnız başlanğıcıdır. Gələcəkdə də ona böyük uğurlar arzulayıram.

Bizim bir ənənəmiz var – idmançılarımız böyük uğurlara imza atdıqda, onları yüksək dövlət mükafatlarına təqdim edirik. Hesab edirəm ki, Çempionlar Liqasının qazanılması məhz elə bir nailiyyətdir ki, belə bir təltifi haqq edir. Keçən il milli komanda ilə əldə etdiyi uğura görə o, Şərəf Ordeni ilə təltif olunmuşdu, bu il isə Çempionlar Liqası qələbəsi münasibətilə onu Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim etmək istəyirəm.

Düşünürəm ki, bu, onun tam haqq etdiyi mükafatdır. Bu məsələ ilə bağlı Gürcüstan Prezidenti və Parlament sədri ilə məsləhətləşmələr aparıldı və yekdilliklə bu qərar qəbul olundu. Gürcüstan Prezidenti onu dövlətin ən yüksək mükafatı – Müqəddəs Qiorqi adına Qələbə Ordeni ilə təltif edəcək,” – deyə İrakli Kobaxidze bildirib.

Xviça Kvaratsxeliya “Paris Sen-Jermen” komandası ilə birgə Çempionlar Liqasının qalibi olub. Paris klubu Milanın “İnter”ini 5:0 hesabı ilə məğlub edib. Xviça Kvaratsxeliya Çempionlar Liqasının finalında qol vuran tarixdəki ilk gürcü futbolçu olub.