Gürcüstan hökumətinin qərarı ilə hərbi xidmətə çağırış qaydaları dəyişib
Gürcüstan hökumətinin qərarı ilə hərbi xidmətə çağırış qaydaları dəyişib. Müvafiq qərar Gürcüstanın Qanunvericilik Məcəlləsinin rəsmi saytında dərc olunub.
Hökumətin qərarına əsasən, çağırışçının hərbi qeydiyyata alınması ilə bağlı bildirişin şəxsə təqdim edilməsi mümkün olmadıqda, sənəd Hərbi Çağırış və Rekrutlaşdırma Milli Agentliyinin rəsmi internet saytında dərc ediləcək və dərc edildiyi gündən 7-ci təqvim günü şəxsə təqdim olunmuş hesab ediləcək.
Bununla yanaşı, şəxs hərbi qeydiyyata alınması barədə bildiriş rəsmi şəkildə təqdim edildikdən sonra 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə müraciət etməlidir.
Qərarda qeyd olunur ki, şəxs bildirişi qəbul etməkdən imtina edərsə, sənəddə bununla bağlı müvafiq qeyd aparılır və bildiriş Agentliyə qaytarılır. Bu halda da bildiriş təqdim olunmuş hesab edilir.
Həmçinin çağırışçının yetkinlik yaşına çatmış ailə üzvü bildirişi qəbul etdikdə və ya onu qəbul etməkdən imtina etdikdə, sənəd təqdim olunmuş hesab edilir. İmtina halında bildirişdə müvafiq qeyd aparılır və sənəd Agentliyə qaytarılır.
Əgər bildirişin şəxsə müəyyən edilmiş qaydada təqdim edilməsi mümkün olmazsa, o cümlədən qısa mesaj və ya elektron poçt vasitəsilə göndərilən bildirişə 2 iş günü ərzində cavab verilməzsə və ya sənəd poçt vasitəsilə göndərilə bilməzsə, Agentlik çağırış barədə bildirişi ən geci 2-ci iş günü öz rəsmi internet saytında dərc edəcək.
Belə bildiriş dərc edildiyi gündən 7-ci təqvim günü təqdim olunmuş hesab ediləcək. Bu halda şəxs bildirişin rəsmi təqdim olunmasından sonra 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə müraciət etməlidir.