Gürcüstan hökuməti Ümumi Təhsil Sisteminin islahatının milli konsepsiyasını təsdiqləyib
Gürcüstan hökuməti Ümumi Təhsil Sisteminin islahatının milli konsepsiyasını təsdiqləyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müvafiq sərəncamı imzalayıb.
“Ümumi Təhsil Sisteminin islahatının milli konsepsiyasının təsdiq edilməsi haqqında
1. “Gürcüstan hökumətinin strukturu, səlahiyyət və fəaliyyət qaydası haqqında” Gürcüstan qanununun 5-ci maddəsinin “r” yarımbəndinə uyğun olaraq, əlavə edilmiş “Ümumi təhsil sisteminin islahatının milli konsepsiyası” təsdiq edilsin.
2. Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi müvafiq nazirliklər və dövlət qurumları ilə birlikdə, “Ümumi təhsil sisteminin islahatının milli konsepsiyası” ilə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin” – sərəncamda deyilir.
Ümumi təhsil sisteminin islahatının milli konsepsiyasına gəlincə, sənəddə qeyd olunub ki, Gürcüstanın ümumi təhsil sistemi mürəkkəb çağırışlarla üzləşib. Mövcud sistem şagirdi dövlətçilik düşüncəsinə malik, məsuliyyətli və rəqabətqabiliyyətli vətəndaş kimi formalaşdıracaq səviyyədə təhsilin verilməsini tam təmin edə bilmir.
“2024-cü ildə, düz 20 il sonra, ümumi təhsilin milli məqsədləri haqqında sənəd yeniləndi. O, təhsil sisteminin inkişafının əsaslanmalı olduğu dəyərləri və əsas prinsipləri əks etdirir. Qeyd olunan məqsədlərə əsasən, məktəb milli və ümumbəşəri dəyərləri nəzərə almaqla, müasir və sürətlə dəyişən dünyanın çağırışlarına cavab verən vətəndaşın yetişdirilməsini təmin etməlidir.
Ümumi təhsilin milli məqsədləri aşağıdakı prioritetlərə əsaslanır: milli kimliyin və mədəni özünəməxsusluğun qorunmasının və ötürülməsinin təmin edilməsi; dövlət dilinin, mədəniyyətinin və tarixinin dərindən bilinməsi və hörmət edilməsi; qlobal məkan şəraitində mədəni müxtəlifliyin dərk edilməsi, ona hörmət və inteqrasiya qabiliyyəti; cəmiyyət qarşısında hüquqlarını, eləcə də məsuliyyətini dərk edən, dövlətçilik və vətəndaşlıq şüuruna malik şəxsiyyətin formalaşdırılması; əsas kompetensiya və qabiliyyətlərin inkişafı, bu isə tənqidi düşünmə, ünsiyyət, problemi həll etmə qabiliyyəti və yaradıcılıq; və şagirdin şəxsi və sosial inkişafının təşviqi — emosional intellektin, əməkdaşlıq qabiliyyəti və məsuliyyət hissinin möhkəmləndirilməsi deməkdir; sağlam həyat tərzinin formalaşdırılması. Ümumi təhsil sisteminin islahatının düzgün baxış və planını işləyib hazırlamaq üçün ümumi təhsilin qarşısında duran hər bir çağırışın düzgün şəkildə müəyyən edilməsi vacibdir.