Gürcüstan GUAM Parlament Assambleyasına sədrlik edəcək ölkə oldu
Gürcüstan GUAM Parlament Assambleyasına sədrlik edəcək ölkə oldu

 
Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının distant görüşü keçirilib.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, GUAM-a üzv dövlətlərin parlament üzvləri Parlament Assambleyasının komitələrinin birgə iclasında iştirak ediblər, büronun iclasında yekun sənədin son variantını təsdiqləyiblər və assambleyanın görüşündə çıxış ediblər.

Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi sədrinin birinci müavini Tornike Ceişvilinin komitədə çıxışı zamanı qeyd etdiyi kimi, GUAM təşkilatına üzv dövlətlər arasında güclü sektor əməkdaşlığına təkan verilməsi həmişə düzgün istiqamətdə atılan addımdır, çünki bu, ümumi imkanların axtarışına və qarşılıqlı tərəqqiyə töhfə verir.

O bildirib ki, dialoqa, bilik və təcrübə mübadiləsinə, yeni layihə və təşəbbüslərə üstünlük verilməsi lazımdır.

Tornike Ceişvilinin bəyanatına əsasən, GUAM çərçivəsində həyata keçirilməsinə milli parlamentlərin də mühüm töhfə verə biləcəyi ticarət, rabitə, enerji və nəqliyyat sahələrində geniş imkanlar yaranır.

Assambleyanın sessiyasında çıxış edərkən Tornike Ceişvili qeyd edib ki, son illərdə GUAM regionu artan çağırışlarla üzləşib, bu da üzv dövlətlərin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə təhlükə yaradır. O, regionda sülhün qorunub saxlanmasının vacibliyini vurğulayıb və deputatları Gürcüstanın bu istiqamətdə gündəliyində duran prioritetlərlə tanış edib.
Sessiyanın sonunda assambleya yekun sənədi – Assambleyanın Kommunikesini qəbul edib.

Gürcüstan bir il müddətinə assambleyaya sədrliyi Azərbaycandan təhvil alıb.