Gürcüstan, Ermənistan və Azərbaycan üçtərəfli görüşünün iştirakçıları birgə press-reliz yayıblar
Gürcüstan, Ermənistan və Azərbaycan üçtərəfli görüşünün iştirakçıları birgə press-reliz yayıblar.
Press-relizə əsasən, 2025-ci il aprelin 17-də Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə Tbilisidə Gürcüstan, Ermənistan Respublikası və Azərbaycan Respublikasının üçtərəfli xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü keçirilib.
Birgə press-relizdə qeyd edildiyi kimi, görüşün əvvəlində iştirakçılar – Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia, Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Cənubi Qafqazın üç ölkəsinin nümayəndələrinin ilk üçtərəfli görüşünü alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq üçün istifadə edilməmiş potensiala malik olduğunu qeyd ediblər.
Press-relizə əsasən, görüş ümumi maraq sahələrində üçtərəfli əməkdaşlığın inkişafına fokuslanmışdı, onun məqsədi regionda davamlı iqtisadi artıma və rifaha kömək etməkdir. Bundan başqa, qeyd olunan sahələrdə əməkdaşlıq ümumi çağırışların həllinə dəstək ola və nəticədə, Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər.
“Görüş fikirlərin açıq mübadiləsinə və əməkdaşlığın mümkün istiqamətləri üzrə baxışların təqdim olunmasına xidmət edirdi. Görüşün sonunda tərəflər etimadın möhkəmlənməsi və dialoqun daha da yüksək səviyyədə aparılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən görüşün müsbət və konstruktiv mühitdə keçdiyini müsbət qiymətləndiriblər” – birgə press-relizdə qeyd olunub.