Gürcüstan-Ermənistan oyunu ilə əlaqədar olaraq Dinamo Arenanın ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstan-Ermənistan futbol matçı ilə əlaqədar olaraq Dinamo Arenanın ətrafındakı küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayıb.
Paytaxt meriyasından verilən məlumata görə, məhdudiyyət martın 23-ü saat 14:00-dan etibarən qüvvəyə minəcək.
“Akaki Tsereteli prospekti, Giorgi Tsabadze, Maikovski, Kipiani və Metreveli küçələri oyundan əvvəl və oyun zamanı ehtiyacdan asılı olaraq qismən və ya tamamilə bağlanacaq”.
Hərəkət Tevdore Mghvdli, Abastumani, Mixeil Tsinamdzgvrişvili, Tamar Mepe prospekti, Arçil Kurdiani, Şota İamanidze və Murman Lebanidze küçələrində mümkün olacaq.
İctimai nəqliyyata gəlincə, avtobus və mikroavtobuslar Tsereteli prospektindən Kutaisi küçəsinə qoşulacaq, Vaxuşti körpüsündən keçərək Saakadze meydanına, Qəhrəmanlar meydanına, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək.
“Maçdan sonra ərazidə nəqliyyatın hərəkəti bərpa olunacaq”, – məlumatda deyilir.