Gürcüstan Dəmir Yolları Anaklia dərin dəniz limanını dəmir yolu şəbəkəsi ilə birləşdirəcək yeni xəttin tikintisi üzrə beynəlxalq tender elan edib
Gürcüstan Dəmir Yolları Anaklia dərin dəniz limanını ölkənin dəmir yolu şəbəkəsi ilə birləşdirəcək yeni xəttin tikintisi üzrə beynəlxalq tender elan edib.
Layihə Xamiskuri kəndi yaxınlığındakı mövcud dəmir yolu magistralından başlayaraq Anaklia limanına qədər gedəcək təxminən 17.7 km uzunluğunda elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Həmçinin Anakliada yeni dəmir yolu stansiyasının tikintisi və Xobi stansiyasının infrastrukturunun yenidən qurulması planlaşdırılır.
Yeni dəmir yolu infrastrukturu Anaklia dərin dəniz limanının Gürcüstanın və regionun dəmir yolu şəbəkələri ilə birbaşa əlaqələndirilməsini təmin edəcək, bu da yüklərin səmərəli emalı, fasiləsiz daşınması və limanın ötürücülük qabiliyyətindən tam istifadə olunması üçün şərait yaradacaq.
Təxminən 205 milyon ABŞ dolları dəyərində olan layihə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək. İşlərin başa çatdırılması müddəti müqavilə imzalandıqdan sonra 30 aydır. Layihənin icra qrafiki 2029-cu ildə Anaklia dərin dəniz limanının fəaliyyətə başlaması üçün dəmir yolu infrastrukturunun hazırlığını nəzərdə tutur.
Anaklia dərin dəniz limanının və dəmir yolu infrastrukturunun birgə inkişafı Gürcüstanın nəqliyyat sistemi üçün strateji əhəmiyyət daşıyır. Bu, ölkənin Orta Dəhlizdəki mövqelərini gücləndirəcək, beynəlxalq tranzit yüklərin cəlb edilməsi imkanlarını artıracaq və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən regional nəqliyyat-logistika qovşağı kimi inkişafına dəstək verəcək.
Məlumatı Gürcüstan Dəmir Yolları yayır.