Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Gürcüstandan 103 xarici ölkə vətəndaşını deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyi-nin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər həyata keçirilən tədbirlər nəticəsində 103 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər. Məlumatı ŞİN yayıb.
Qurumun bildirdiyinə görə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası tətbiq olunub.
“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər dövlətlərin – ümumilikdə 103 vətəndaşı deportasiya edilib.
Ölkə üzrə intensiv şəkildə davam edən müvafiq kompleks tədbirlər nəticəsində cari ilin yalnız mart ayında 360, 2026-cı ilin birinci rübündə isə ümumilikdə 904 qeyri-qanuni miqrant Gürcüstandan çıxarılıb”, – məlumatda qeyd olunur.