Gürcüstan Daxili İşlər Nazirliyi və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları 13 şəxsi saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyi və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları 13 şəxsi saxlayıblar

Gürcüstan Daxili İşlər Nazirliyi və İspaniya Krallığının hüquq-mühafizə orqanları əməkdaşları İspaniyada keçirilən beynəlxalq “CACHABA” əməliyyatı çərçivəsində 13 nəfəri saxlayıblar. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, polis əməliyyatı Gürcüstan polis attaşesinin aktiv əməkdaşlığı ilə həyata keçirilib və iki ölkənin hüquq-mühafizə orqanları arasında bir illik intensiv koordinasiya əvvəlcədən aparılıb.

“İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar qrupun üzvləri İspaniyanın müxtəlif regionlarında törədilən 27 mənzil oğurluğunda iştirak ediblər. Məlum olub ki, qrup iki ayrı qanaddan ibarət olub – mənzil oğurluqlarını birbaşa həyata keçirən gürcü mənşəli üzvlər və oğurlanmış əşyaları müxtəlif şəhərlərdə satan ispan qanadı.

İki ölkənin hüquq-mühafizə orqanları xüsusi əməliyyatı eyni vaxtda Madrid, Valensiya, Quadalaxara və Alikante şəhərlərində, ümumilikdə 9 fərqli ünvanda həyata keçirib.

İstintaq İspaniyanın Cinayət Məcəlləsinin 510-cu, 301-ci və 570-ci maddələri ilə aparılır. Cinayət 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – deyə Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.