Gürcüstan Daxili İşlər Nazirliyi – 103 kiloqrama qədər narkotik vasitə “metamfetamin” müsadirə edilib. Onun qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığının növbəti faktını aşkar ediblər.
Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadzenin Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirdiyinə görə, hüquq-mühafizə orqanları tərəfindən xüsusilə böyük miqdarda – 103 kiloqrama qədər narkotik vasitə “metamfetamin” müsadirə olunub. Onun qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir.
Onun məlumatına görə, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb.
“Cinayət işi üzrə aparılan istintaqla müəyyən edilib ki, bir şirkətə məxsus, kaustik soda ilə yüklənmiş yük avtomobili Gürcüstana qonşu ölkədən daxil olub və üçüncü ölkəyə çıxmalı idi. Hüquq-mühafizə orqanları yükün ətraflı yoxlanışı zamanı kisələrə bölünmüş xüsusilə böyük miqdarda narkotik vasitə aşkarlayıblar. Bu iş üzrə digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq kompleks tədbirlər intensiv şəkildə davam etdirilir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Qurumun məlumatına görə, narkotik cinayətkarlıqla mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri olaraq qalır.
“Hüquq-mühafizə orqanları narkotik cinayətkarlıqda iştirak edən şəxslərin aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün 24 saatlıq rejimdə müvafiq kompleks polis tədbirləri həyata keçirirlər”, – deyə Mərkəzi Kriminal Polis Departamentinin direktoru brifinqdə bildirib.