Gürcüstan basketbol millisi İspaniyanı məğlub etdi – Tornike Şengeliya 37 xal toplayaraq Gürcüstan millisinin yeni rekorduna imza atdı

10:55, 06.07.2026

Gürcüstan basketbol millisi dünya çempionatının seçmə mərhələsinin ilk dövrəsini öz meydanında İspaniyaya qarşı keçirdiyi oyunla başa vurub. Tbilisidə, azarkeşlərlə tam dolu Korkia-Corcikia adına Arenada keçirilən qarşılaşma son dərəcə gərgin mübarizə şəraitində keçib və Gürcüstan millisinin 91:89 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya millisinin yüksək səviyyəsi hər kəsə məlumdur. Buna maksimum motivasiyanı da əlavə etmək lazımdır. İspanlar yaxşı bilirdilər ki, qrup mərhələsini maksimum xalla başa vurmaq onları dünya çempionatına daha da yaxınlaşdıracaq. Çünki növbəti qrup mərhələsinə komandalar topladıqları xalları da özləri ilə aparırlar.

Təbii ki, bu qələbə Gürcüstan üçün daha böyük əhəmiyyət daşıyırdı. Komanda kapitanı Tornike Şengelianın liderliyi ilə sonadək mübarizə apardı. Şengeliya demək olar ki, əvəzlənmədən 44 dəqiqə 31 saniyə meydanda qaldı. İlk rübdə Gürcüstan 14:32 hesabı ilə geridə idi, ikinci rübdə isə ispanların üstünlüyü 22 xala çatdı. Buna baxmayaraq, oyunun bitməsinə 2 dəqiqə 27 saniyə qalmış Tornike Şengeliya fərqi 3 xala endirdi – 76:79. Bir dəqiqə sonra Markiz Rid uzaq məsafədən dəqiq atışla hesabı bərabərləşdirdi – 81:81. Oyunun bitməsinə 23 saniyə qalmış isə qarşısıalınmaz Tornike Şengeliya Gürcüstanı ilk dəfə önə çıxardı – 83:81. Son saniyələrdə Hayme Pradilya səbət altından iki xal qazandı və görüş əlavə vaxta uzandı.

Əlavə vaxtda İspaniya beş xal fərqi ilə önə keçsə də, yenə sözünü Tornike Şengeliya dedi və hesabı 89:88-ə çatdırdı. Bu zaman oyunun başa çatmasına 1 dəqiqə 33 saniyə qalırdı. Bu dəqiq atışla Şengeliya oyunda topladığı xalların sayını 37-yə çatdıraraq Gürcüstan millisinin rəsmi oyunlardakı yeni rekordunu müəyyənləşdirdi. Əvvəlki rekord – 36 xal – Zaza Paçuliya və Maykl Diksona məxsus idi.

Gürcüstan millisinin naturalizə olunmuş basketbolçusu Markiz Rid də möhtəşəm oyun nümayiş etdirdi. O, görüşü 32 xal, 3 ribaund və 7 məhsuldar ötürmə ilə başa vurdu, parketdə isə təxminən 42 dəqiqə mübarizə apardı.

Əlavə vaxtın başa çatmasına 19 saniyə qalmış Markiz Rid Gürcüstanı yenidən önə çıxardı – 91:89. Bu, tarixi qələbə idi.

Beləliklə, Gürcüstan millisi növbəti mərhələyə 3 qələbə və 3 məğlubiyyətlə vəsiqə qazandı. Ukraynanın hesabında 4 qələbə və 2 məğlubiyyət, İspaniyanın isə 5 qələbə və 1 məğlubiyyət var. Danimarka isə qələbə qazana bilmədiyi üçün növbəti mərhələyə yüksələ bilmədi.

Qrupumuzun ilk üç komandası növbəti mərhələdə B qrupunun (Yunanıstan, Monteneqro, Portuqaliya və Rumıniya) ən yaxşı üç komandası ilə qarşılaşacaq. Həmin qrupda növbəti mərhələyə yüksələcək komandalar hələ müəyyənləşməyib. İkinci qrup mərhələsinin oyunları avqust, noyabr və fevral aylarında keçiriləcək.

Oxşar