Gürcüstan Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasının iştirakçıları qarşısında çıxış edib.
Gürcüstan Baş nazirinin çıxışını olduğu kimi təqdim edirik:
“Cənab Prezident, cənab Baş katib, Zati-aliləri, hörmətli nümayəndələr, Gürcüstanın dostları!
Bu Assambleyanın qarşısında Gürcüstan adından çıxış etmək mənim üçün böyük şərəfdir. Gürcüstan elə bir ölkədir ki, onun kimliyi əsrlər boyu formalaşmış tarix, dözümlülük və dəyişən dünya ilə qarşılıqlı əlaqə əsasında yaranıb.
Bu gün biz dünyanın beynəlxalq vəziyyətində mühüm dəyişikliklərin baş verdiyi bir vaxtda burada toplaşmışıq.
Dünyanın müxtəlif regionlarında baş verən hadisələr mövcud vəziyyəti ciddi sınaq qarşısında qoyur və beynəlxalq nizamın gələcəyi ilə bağlı suallar yaradır.
Belə bir şəraitdə sülhün qorunması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi yenə də əsas prioritetlər olaraq qalır.
Qlobal səviyyədə artan çağırışlar fonunda ümumi problemlərə koordinasiyalı cavab verilməsi, münaqişələrin qarşısının alınması və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyində müəyyən edilmiş məqsədlərə nail olunması yalnız beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətə görə ortaq məsuliyyətin üzərinə götürülməsi ilə mümkün olacaq.
Davamlı sülhün güc yolu ilə bərqərar edilməsi mümkün deyil. Sülh dialoqa, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanmalıdır.
Elə az sayda ölkə var ki, sülhün, sabitliyin və suverenliyin əhəmiyyətini Gürcüstan qədər dərindən anlaya bilsin.
Əsrlər boyu biz sivilizasiyaların kəsişməsində yerləşmişik – fərqli mədəniyyətlərə, xalqlara və ideyalara qapılarımızı açmışıq. Eyni zamanda özünəməxsus kimliyimizi və milli xüsusiyyətlərimizi qətiyyətlə qorumuşuq.
Gürcüstan dövlətçiliyi dəfələrlə sınaqlarla üzləşib. Lakin bu çağırışlar bizim öz yolumuzu özümüz seçmək əzmimizi daha da gücləndirib.
Tarixi təcrübə bizə həmçinin öyrədib ki, suverenliyin dəyərini hər zaman yaxşı xatırlamalıyıq, sabitliyin qorunmağa ehtiyacı var və beynəlxalq nizamın gücü, son nəticədə, eyni prinsiplərin bütün dövlətlərə nə dərəcədə bərabər şəkildə tətbiq olunmasından asılıdır.
Bu prinsiplərə sadiqlik Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizin ərazisinin 20 faizi hələ də Rusiya Federasiyası tərəfindən işğal altındadır. Yüz minlərlə vətəndaşımız isə hələ də məcburi köçkün vəziyyətindədir və öz evlərinə qayıda bilmir.
Bu sessiyanın əsas mövzularından biri etimadın bərpasıdır və məhz bu fonda mən abxaz və osetin bacı-qardaşlarımıza müraciət etmək istəyirəm.
Əsrlər boyu bizim bir vətənimiz olub və bizi ümumi tarix birləşdirib.
Bu gün çəkilmiş ayırıcı xətlər nə bu tarixi silə, nə də övladlarımızın gələcəyini müəyyən edə bilər.
İnanırıq ki, sülh yolu ilə əldə olunan nemətlər və Gürcüstanın iqtisadi inkişafı süni şəkildə çəkilmiş ayırıcı xətlərlə əngəllənməməlidir.
Bu nemətlərdən işğal altındakı tarixi regionlarımızda yaşayan insanlar da yararlanmalıdır. Onlar bizim ümumi gələcəyimizin ayrılmaz hissəsi olublar və həmişə də belə olacaqlar.
Ölkəmizin qarşısında duran çağırışlar bizə bir daha xatırladır ki, milli sabitlik və uğur daha geniş regional kontekstdən kənarda nəzərdən keçirilə bilməz.
İnanırıq ki, Cənubi Qafqazın gələcəyini keçmişdə çəkilmiş ayırıcı xətlər müəyyən etməməlidir.
Biz daim çalışırıq ki, regional təşəbbüslər çərçivəsində vicdanlı vasitəçi kimi ardıcıl fəaliyyət göstərək, əməkdaşlığın möhkəmləndirilməsinə və dinc həll yollarının tapılmasına töhfə verək.
Bu gün daha dinc və qarşılıqlı əlaqələrin güclü olduğu regionun quruculuğuna yeni səhifədən başlamaq üçün real imkan görürük. Bu da daha yaxşı gələcək yaratmaqla bağlı ümumi istəyimizə cavab verir.
Belə əməkdaşlıq ruhu region üçün konkret iqtisadi imkanlara da çevrilməlidir.
Gürcüstan Cənubi Qafqazın və Orta Dəhlizin ayrılmaz hissəsidir. Bu isə Mərkəzi Asiya ilə Avropanın daha sıx əlaqələndirilməsi üçün bizi əlverişli mövqeyə gətirir.
Strateji mövqeyimiz və Qara dənizə birbaşa çıxışımız ticarət və investisiyaların inkişafına şərait yaradan mühüm amillərdir. Bundan əlavə, daha geniş regional baxımdan bu imkanlar dənizə çıxışı olmayan ölkələrə qlobal təchizat zəncirlərinə qoşulmaq imkanı verir.
Azad ticarət haqqında bağlanmış sazişlər vasitəsilə təxminən 2,3 milyard istehlakçıdan ibarət bazara çıxışı təmin edən şəbəkə yaratmışıq.
Əlaqələndirmə gündəliyini dəstəkləmək və bu istiqamətdə irəliləyişi davam etdirmək məqsədilə Gürcüstan 2032-ci ilə qədər iri nəqliyyat infrastrukturu layihələrinə 7 milyard ABŞ dolları investisiya yatırmağı planlaşdırır.
Bura dəmir yolu şəbəkəsinin modernləşdirilməsi, Anakliyanın dərin dəniz limanının inkişafı, Tbilisidə yeni beynəlxalq hava limanının tikintisi və avtomagistrallar şəbəkəsinin genişləndirilməsi daxildir.
Eyni zamanda hesab edirik ki, fiziki və rəqəmsal əlaqələndirmə eyni strateji gündəliyin iki əsas komponentidir.
Qara dənizin dibi ilə çəkiləcək optik-lifli kabel və yeni nəsil məlumat infrastrukturu vasitəsilə Gürcüstan Avropa ilə Asiya arasında təhlükəsiz, dayanıqlı və şaxələndirilmiş rəqəmsal əlaqələrin gücləndirilməsini hədəfləyir.
Bu iddialı planlar isə Gürcüstanın güclü iqtisadi göstəricilərinə əsaslanır.
Son beş il ərzində iqtisadiyyatımız orta hesabla illik 9,3 faiz artıb və bu dinamika 2026-cı ildə də davam edib. Belə ki, bu ilin ilk yeddi ayında iqtisadi artım 7,9 faiz təşkil edib.
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, orta müddətli perspektivdə Gürcüstan regionda və Avropa ölkələri arasında ən yüksək artım göstəricilərindən birinə sahib olacaq. Orta artımın 5,4 faiz təşkil edəcəyi gözlənilir.
Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik ölkə kimi biz həm yerli, həm də xarici müəssisələrin inkişafına şərait yaradan innovasiyalara əsaslanan və biznes üçün əlverişli mühitin formalaşdırılması istiqamətində fəal çalışırıq.
Dünyadakı qeyri-müəyyən vəziyyətə baxmayaraq, Gürcüstanda birbaşa xarici investisiyaların ÜDM-ə nisbəti analoji ölkələr arasında ən yüksək göstəricilərdən biridir və 2021–2025-ci illərdə orta hesabla ÜDM-in 6 faizini ötüb. Bu isə investorların ölkənin inkişaf potensialına olan inamından xəbər verir.
Gürcüstana birbaşa xarici investisiyaların daxil olması perspektivini müxtəlif sahələrdə – nəqliyyat və logistika, enerji infrastrukturu, turizm və daşınmaz əmlak kimi istiqamətlərdə iri və uzunmüddətli investisiya layihələrinin başlanması da gücləndirir.
Lakin uğurun əsl ölçüsü bütün bunların insanların həyatını necə yaxşılaşdırmasıdır.
Güclü iqtisadi göstəricilər konkret sosial nəticələrdə öz əksini tapmalıdır – adambaşına düşən istehsalın artması, real əməkhaqlarının yüksəlməsi, yoxsulluğun azalması, daha yaxşı iş yerlərinin yaradılması və daha yüksək iqtisadi dayanıqlılıq.
Artıq bu nəticələrin konkret və ölçülə bilən şəkildə göstəricilərdə əks olunduğunu, Gürcüstanda vəziyyətin yaxşılaşdığını görürük. Məsələn, yoxsulluq səviyyəsi üç dəfə azalıb və hazırda 7,1 faiz təşkil edir. 2020-ci ildə isə bu göstərici 21,3 faiz idi.
Lakin bu nailiyyət həyata keçirməyə çalışdığımız daha geniş transformasiyanın yalnız bir hissəsidir.
Buna görə də qarşıdakı beş il ərzində əsas diqqətimiz şəhərlə kənd arasında mövcud bərabərsizliyin azaldılmasına, hər bir regionda imkanların genişləndirilməsinə, iqtisadi artımın faydalarının geniş şəkildə bölüşdürülməsinə və heç kimin diqqətdən kənarda qalmamasının təmin edilməsinə yönələcək.
Bu prioritetlər Gürcüstanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində üzərinə götürdüyü öhdəliklərlə tam şəkildə uyğun gəlir. Bu öhdəliklər Birləşmiş Millətlər Təşkilatı ilə 2026–2030-cu illər üçün dayanıqlı inkişaf məqsədilə əməkdaşlığa dair imzalanmış yeni sazişdə də əksini tapıb.
Daha uzunmüddətli perspektivdə isə qarşıdakı onillik üçün məqsədimiz Gürcüstanı orta-yüksək gəlirli ölkədən yüksək gəlirli iqtisadiyyata çevirməkdir. Buna iqtisadiyyatın daha da şaxələndirilməsi, bilik əsaslı fəaliyyətlərin genişləndirilməsi və ümumi rifahın yüksəldilməsi yolu ilə nail olmaq mümkün olacaq.
Zati-aliləri, xanımlar və cənablar!
Ölkəmizdə əldə etmək istədiyimiz tərəqqi digər ölkələrlə əməkdaşlığın inkişafı olmadan təsəvvür edilə bilməz.
Gürcüstan qarşılıqlı hörmət və suveren bərabərlik prinsipləri əsasında bizimlə işləməyə hazır olan bütün beynəlxalq tərəfdaşlarla münasibətləri davam etdirməyə hazır olduğunu bir daha bəyan edir.
İnanırıq ki, uzunmüddətli tərəfdaşlıq yalnız dialoq yolu ilə əldə edilə bilər və bu nəticə heç vaxt təzyiq və ya məcburiyyət yolu ilə əldə olunmayacaq.
Hörmət və əməkdaşlıq prinsipləri effektiv çoxtərəfli diplomatiya üçün də fundamental əhəmiyyət daşıyır.
Qlobal səviyyədə qeyri-müəyyənliyin artmaqda davam etdiyi bir şəraitdə Birləşmiş Millətlər Təşkilatı dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platforma olaraq qalır.
Bu kontekstdə UN80 təşəbbüsü BMT-nin effektivliyinin və imkanlarının artırılması, eyni zamanda şəffaflığının və hesabatlılığının yaxşılaşdırılması üçün mühüm imkan yaradır.
Gürcüstan beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığa hazırdır və bu prosesə fəal töhfə vermək niyyətindədir.
Biz bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə və nəticəyönümlü olmasına imkan verəcək islahatları qətiyyətlə dəstəkləyirik.
Məhz bu gün verdiyimiz qərarlar gələcək nəsillərə hansı dünyanı miras qoyacağımızı müəyyən edəcək.
Gəlin elə bir dünya qoyub getməyə çalışaq ki, o, bugünkündən daha dinc, daha təhlükəsiz və daha birlik içində olsun”, – deyə Gürcüstanın Baş naziri bildirib.