Gürcüstan azərbaycanlıları İkinci İlya-nın vəfatı ilə bağlı başsağlığı məktubu yayıblar
Gürcüstan azərbaycanlıları İkinci İlya-nın vəfatı ilə bağlı başsağlığı məktubu yayıblar

Gürcüstanda yaşayan azərbaycanlı vətəndaşlar bütün Gürcüstanın katolikos-patriarxı, onun müqəddəsliyi və ucalığı İkinci İlya-nın vəfatı ilə əlaqədar Gürcüstan Patriarxlığına, Gürcüstan pravoslav icmasına və gürcü xalqına başsağlığı veriblər.

“Gürcüstan azərbaycanlıları adından dərin kədər hissi ilə bütün Gürcüstanın katolikos-patriarxı, onun müqəddəsliyi və ucalığı İkinci İlya-nın vəfatı ilə bağlı başsağlığımızı bildiririk.

Bu ağır itki yalnız Gürcüstan pravoslav icması üçün deyil, bütövlükdə Gürcüstan cəmiyyəti üçün böyük itkidir. Patriarx öz həyatını xalqa, mənəvi dəyərlərin qorunmasına, müxtəlif dini icmalar arasında sülhün, qarşılıqlı hörmətin və anlaşmanın möhkəmləndirilməsinə həsr edib.

Onun fəaliyyəti Gürcüstanda yaşayan bütün millət və din nümayəndələri arasında birlik və harmoniyanın formalaşmasına mühüm töhfə verib. Bu baxımdan, onun xatirəsi hər zaman ehtiram və hörmətlə anılacaq.

Bu ağır gündə sizə səbir diləyir və mərhumun ruhunun şad olması üçün dua edirik.

Bununla yanaşı bildiririk ki, yaranmış bu kədərli vəziyyətlə əlaqədar Gürcüstan azərbaycanlıları tərəfindən planlaşdırılan Novruz bayramı tədbirləri ləğv olunub. Bu qərar mərhumun xatirəsinə ehtiram və ümumi matəm hissinin bölüşülməsi məqsədilə qəbul edilib”, – deyə sosial şəbəkədə Ramiliya Əliyevanın yaydığı başsağlığı məktubunda qeyd olunur.