Gürcüstan, Azərbaycan və Türkiyə Dəmir Yollarının rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar, yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumu imzalayıblar
Gürcüstan, Azərbaycan və Türkiyə Dəmir Yollarının rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar, yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumu imzalayıblar.
Gürcüstan Dəmir Yollarının direktoru Laşa Abaşidze, Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov və Türkiyə Dövlət Dəmir Yolları “TCDD Taşımaçılık”ın baş direktoru Ufuk Yalçının görüşü Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilib.
Tərəflər Bakı-Tbilisi-Qars marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətqabiliyyətli rüsumların tətbiqini razılaşdırıblar.
Qeyd edildiyi kimi, görüşün məqsədi dəmir yolu marşrutu boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması olub. Çatdırılma müddətlərinə riayət edilməsinin yükgöndərənlər üçün marşrutun cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.