Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı “Sakaeronavigatsia” bəyanat yayıb
“Sakaeronavigatsia” Gürcüstan ərazisində Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı bəyanat yayıb.
Bəyanata əsasən, hadisə barədə artıq təyyarənin havaya qalxdığı Azərbaycanın Gəncə şəhərinin hava limanına və həmçinin Türkiyə tərəfinə məlumat verilib.
“Sakaeronavigatsia”nın məlumatına görə, hazırda aviasiya qaydalarına uyğun olaraq axtarış-xilasetmə işləri aparılır.
“Məhdud məsuliyyətli cəmiyyət ‘Sakaeronavigatsia’nın Aviasiya Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə 112 xəttindən daxil olan məlumat əsasında müəyyən edilib ki, Türkiyə hərbi təyyarəsi Gürcüstan ərazisində, Azərbaycan sərhədi yaxınlığında aviasiya insidenti keçirib.
Beynəlxalq protokola tam riayət olunmaqla, ‘Sakaeronavigatsia’nın axtarış qrupu hadisənin ehtimal olunan yerini müəyyənləşdirmək və zərərçəkənlərə yardım göstərmək məqsədilə əraziyə göndərilib.
Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra, həyəcan siqnalı vermədən “Sakaeronavigatsia”nın radarlarından itib. Bundan sonra “Sakaeronavigatsia” müəyyən olunmuş qaydalara uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Hazırda hadisə barədə təyyarənin havaya qalxdığı Azərbaycanın Gəncə şəhərinin hava limanına və Türkiyə tərəfinə məlumat verilib.
Hal-hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə, aviasiya qaydalarına əsasən nəzərdə tutulan axtarış-xilasetmə işləri davam etdirilir”, – deyə “Sakaeronavigatsia”nın bəyanatında qeyd olunur.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Siğnaği bələdiyyəsində, Gürcüstan sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyəyə məxsus hərbi təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Azərbaycan–Türkiyə istiqamətində uçuş həyata keçirirdi.