Gürcüstan, Azərbaycan, Bolqarıstan və Türkiyə hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb
Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri İva Petrova və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Gürcüstan, Azərbaycan, Bolqarıstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş“i imzalayıblar.
Sazişin məqsədi qeyd olunan ölkələr arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq çərçivəsində energetika bağlantılarının və təhlükəsizliyinin gücləndirilməsi, təmiz enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatının dəstəklənməsi, müvafiq infrastrukturun inkişaf etdirilməsidir.
Sazişə əsasən, tərəflər yaşıl dəhliz layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılan birgə müəssisənin səhmdarları olacaq ötürücü sistem operatorlarını müəyyən edəcəklər. Həmçinin təmiz enerjinin istehsalı, ötürülməsi və ticarəti, mövcud transsərhəd infrastrukturunun genişləndirilməsi və yeni elektrik ötürücü xətlərinin inkişafı məqsədilə əməkdaşlıq edəcəklər.
Layihə çərçivəsində dəhlizin ən azı 2-3 min meqavat buraxılış qabiliyyəti təmin edilməlidir, bu da Gürcüstana elektrik enerjisinin təchizatı marşrutlarını və ixrac istiqamətlərini şaxələndirməyə, Gürcüstanda istehsal olunan yaşıl elektrik enerjisinin isə Avropa enerji bazarlarında satılmasına imkan verəcək.
İmzalama mərasimi Türkiyə Respublikasının Antalya şəhərində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçirilib.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.