Gürcüstan “Anuga select India” beynəlxalq sərgisində ilk dəfə iştirak edir
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Kəndin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Gürcüstan bu il Hindistanın Mumbay şəhərində davam edən “Anuga select India” beynəlxalq sərgisində ilk dəfə iştirak edir – məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Nazirliyin məlumatına əsasən, Gürcüstan pavilyonunda təmsil olunan aqro-ərzaq sektorunun nümayəndələri sərgini ziyarət edən yerli və əcnəbi qonaqları öz ixrac potensialı ilə tanış edirlər.
“Gürcüstanın Hindistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vaxtanq Caoşvili Gürcüstan pavilyonuna baş çəkib, yerindəcə gürcü şirkətlərinin ixrac imkanları ilə tanış olub və Hindistan bazarında yer tutmaq, beynəlxalq tərəfdaşlıq əlaqələri qurmaq işində gürcü istehsalçılarına dəstək sözü verib” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.
Gürcüstan pavilyonunda “Khoni Plantations”, “Geoagro Estate”, “Agritouch”, “Niadagi Group”, “Gentry Investment”, “Aroma Product” və “Farming Construction” şirkətləri öz istehsalı olan qaragilə, fındıq, badam və təbii şirələri təqdim ediblər.
“Qeyd etmək lazımdır ki, “Anuga select India” qida və içki məhsulları istehsalçılarını, idxalçılarını və distribütorlarını bir məkanda birləşdirən beynəlxalq platformadır. “Anuga select India” beynəlxalq sərgisində gürcü pavilyonunun təqdim olunması gürcü aqro-ərzaq sektoru üçün ixrac bazarlarının diversifikasiyası istiqamətində mühüm imkandır”– Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.