Gürcüstan 2025 Uşaq Avroviziya Mahnı Müsabiqəsinə 13 dekabrda ev sahibliyi edəcək
Gürcüstanın Birinci Kanalı və Avropa Yayım İttifaqı rəsmi olaraq bildirirlər ki, 2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsi 13 dekabrda Tbilisidə keçiriləcək.
Gürcüstan Uşaq Avroviziyasına artıq ikinci dəfə ev sahibliyi edir. İlk dəfə bu müsabiqə 2017-ci ildə Tbilisidə baş tutmuşdu. Gürcüstan Uşaq Avroviziya tarixində ən uğurlu iştirakçı ölkədir – müsabiqəni dörd dəfə qazanıb.
“Gürcüstana qayıtmağı səbirsizliklə gözləyirik. Gürcüstan Uşaq Avroviziya Mahnı Müsabiqəsinə sevinclə ev sahibliyi edir. İctimai yayımçı artıq sübut edib ki, fərqlənən bir şou təqdim edə bilər və inanırıq ki, bu tədbir həm gənc iştirakçılar, həm də bütün dünya tamaşaçıları üçün unudulmaz xatirələr yaradacaq”, – deyə Avroviziya Mahnı Müsabiqəsinin direktoru Martin Qrīn bildirib.
“Uşaq Avroviziyasına yenidən Tbilisidə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu, bizim üçün böyük bir məsuliyyətdir və məqsədimiz bu şounu indiyə qədərkindən daha genişmiqyaslı keçirməkdir. Dünyaca məşhur qonaqpərvərliyimizlə gənc artistləri, dünya üzrə azarkeşləri qarşılamağı və zəngin mədəniyyətimizi, irsimizi onlarla bölüşməyi səbirsizliklə gözləyirik,” – deyə İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili bildirib.
Avroviziyada Gürcüstan nümayəndə heyətinin rəhbəri Natiya Mşvenieradze isə bildirib: “2017-ci ildəki Uşaq Avroviziya müsabiqəsi unudulmaz bir təcrübə idi. Bu ilki məqsədimiz daha da möhtəşəm bir şou təqdim etməkdir ki, bu, gələcək illər ərzində də xatırlansın.”
2025-ci il Uşaq Avroviziya müsabiqəsinin keçiriləcəyi yer barədə rəsmi açıqlama bu gün İsveçrədə Gürcüstan səfirliyində təşkil olunan Gürcü Mədəniyyəti Günündə verilib. Tədbirdə dəvət olunmuş qonaqlarla yanaşı, İsveçrədə Gürcüstanın səfiri Şota Getsadze və Avropa Yayım İttifaqının baş direktor müavini və media direktoru Jan Filipp de Tender də iştirak ediblər.
2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsində 9-14 yaş arası ifaçılar yalnız Avropadan deyil, müxtəlif ölkələrdən iştirak edəcəklər. Hər bir iştirakçı gəncliyi, musiqini və müxtəlifliyi simvolizə edən orijinal mahnı ilə çıxış edəcək. Müsabiqənin keçiriləcəyi yer, sloqan və iştirakçılarla bağlı rəsmi məlumat yaxın zamanda açıqlanacaq.
Xatırladaq ki, Gürcüstan dördüncü qələbəsini 2024-cü ildə İspaniyanın paytaxtı Madriddə keçirilən müsabiqədə qazanmışdı. 11 yaşlı Andria Futkaradze müsabiqə tarixində rekord olan 239 xal toplamışdı. Bu qələbə ilə Gürcüstan beynəlxalq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ əldə etmişdi.