Gürcü və ispan hüquq-mühafizə orqanlarının əməkdaşları Valensiya şəhərində gürcü mütəşəkkil cinayətkar qrupunun üzvlərini saxlayıblar

16:35, 04.08.2026

 

Gürcü və ispan hüquq-mühafizə orqanlarının əməkdaşları Valensiya şəhərində intensiv rejimdə keçirilmiş istintaq hərəkətləri nəticəsində mütəşəkkil cinayətkar qrupun üzvlərini – Gürcüstanın üç vətəndaşını saxlayıblar, dördüncü üzvün saxlanılması məqsədilə isə polis tədbirləri aktiv şəkildə davam etdirilir.

Daxili İşlər Nazirliyinin məlumatında, qeyd olunan xüsusi əməliyyatda ispaniyalı həmkarları ilə birlikdə Gürcüstanın polis attaşesinin iştirak etdiyi deyilir.

“Saxlanılan şəxslər mənzil oğurluğu, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda ittiham olunurlar.

İstintaqla təqsirləndirilən şəxslərin İspaniya ərazisində sistemli şəkildə yaşayış mənzillərini soyduqları müəyyən edilib. Əvvəlcədən hazırlanmış plana əsasən, onlar ev sahiblərinin olmadığı evləri seçir, xüsusi alətlərdən istifadə etməklə qanunsuz daxil olur və dəyərli əşyaları, eləcə də pul vəsaitlərini mənimsəyirdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində, avtomobillərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış nəticəsində oğurlanmış əşyalar, külli miqdarda pul və cinayətin törədilməsi üçün lazım olan xüsusi alətlər götürülüb.

Saxlanılan şəxslərə qarşı qanunla müəyyən edilmiş müvafiq hüquqi tədbirlər həyata keçirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə məqsədilə Avropa ölkələrinə göndərilmiş polis attaşeləri vasitəsilə Avropa İttifaqına üzv ölkələrin hüquq-mühafizə qurumları, İnterpol və Avropol ilə fəal əməkdaşlığı davam etdirir” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Oxşar