Gürcü Dili Günü ilə əlaqədar olaraq, "Azərbaycan və ermənidilli əhali arasında dövlət dilini bilmə və öyrənməyə motivasiya" tədqiqatının nəticələrinin təqdimatı keçirildi
Gürcü Dili Günü ilə əlaqədar olaraq, "Azərbaycan və ermənidilli əhali arasında dövlət dilini bilmə və öyrənməyə motivasiya" tədqiqatının nəticələrinin təqdimatı keçirildi

 

Gürcü Dili Günü ilə əlaqədar olaraq, “Azərbaycan və ermənidilli əhali arasında dövlət dilini bilmə və öyrənməyə motivasiya” tədqiqatının nəticələrinin təqdimatı keçirildi. Məlumatı Gürcüstanın Dövlət Nazirinin Aparatı yayır.

Onların verdiyi məlumata əsasən, dövlət naziri Tea Axvlediani tədbiri salamlama nitqi ilə açıb, iştirakçıları Gürcü Dili Günü münasibətilə təbrik edib və gürcü dilinin qorunması və inkişafının əhəmiyyətindən danışıb.

Tea Axvlediani Dövlət Naziri Aparatının təşəbbüsü ilə həyata keçirilmiş “Gürcü dilini bilmə və öyrənməyə motivasiya” tədqiqatının nəticələrini və aşkar olunmuş tendensiyaları müzakirə edib. Tədqiqatın nəticələrinə əsasən, etnik azlıqların sıx məskunlaşdığı regionlarda gürcü dilini bilmə səviyyəsi yaxşılaşır və ildən-ilə dövlət dilini bilənlərin sayı artır, bu isə əsasən strategiya çərçivəsində nəzərdə tutulmuş mexanizmlərin və proqramların tətbiqi ilə bağlıdır.

Dövlət naziri bildirib ki, gürcü dilinin yüksək səviyyədə öyrənilməsinin əlçatanlığının təmin edilməsi vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin əsas prioritetidir. Bu çərçivədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədqiqat nəticəsində aşkar edilmiş ehtiyaclar nəzərə alınmaqla, gürcü dilinin öyrənilməsi imkanlarının daha da genişləndirilməsi və 2030-cu il üçün qarşıya qoyulmuş uzunmüddətli strateji hədəflərə uğurla nail olunması üçün mərkəzi və yerli hakimiyyət tərəfindən birgə səy davam edəcək.

Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze, Parlamentin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Rati İonatamişvili, Parlamentin Təhsil, Elm və Gənclik İşləri üzrə Komitəsinin sədri Qivi Mikanadze, xalq müdafiəçisi Levan İoseliani və Dil üzrə Dövlət Departamentinin rəhbəri Qiorqi Alibeqaşvili etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə gürcü dilinin populyarlaşdırılması və öyrənilməsinin əhəmiyyəti barədə tədbirin iştirakçılarına müraciət ediblər.

Dövlət nazirinin müavini Lia Qiqauri tədbirin iştirakçılarına tədqiqatın nəticələri haqqında qısa hesabat təqdim edib. Tədqiqat Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə müstəqil tədqiqat təşkilatı “İctimai Müdafiəçi” tərəfindən hazırlanıb.

Tədbirdə icra və qanunverici hakimiyyətin, eləcə də yerli özünüidarəetmə orqanlarının, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdilər.