"Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili İlham Əliyevə və Azərbaycan nümayəndə heyətinə Biznes Mərkəzində ev sahibliyi edib
“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan nümayəndə heyətinə Biznes Mərkəzində ev sahibliyi edib. Məlumatı “Gürcü Arzusu”nun mətbuat xidməti yayır.
“Gürcü Arzusu”nun mətbuat xidmətinin məlumatına əsasən, Bidzina İvanişvili İlham Əliyevə Gürcüstana səmərəli səfərinə görə təşəkkür edib və qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibəti ən yüksək səviyyədədir, bu da hər iki ölkə üçün faydalı və xeyirlidir.
“Gürcü Arzusu”nun fəxri sədri iki ölkə arasında dərin və hərtərəfli iqtisadi əlaqələrin əhəmiyyətini, tranzit dəhlizindən maksimum istifadə potensialını vurğulayıb və sıx tərəfdaşlığın ümumilikdə həm Gürcüstanın, həm də Azərbaycanın milli maraqlarına bərabər şəkildə xidmət etdiyini qeyd edib.
Bidzina İvanişvili Cənubi Qafqaz regionunda mövcud dinc və sabit vəziyyəti dəstəklədiyi üçün İlham Əliyevə təşəkkür edib və həmçinin qeyd edib ki, təhlükəsizlik çağırışları ilə dolu mühitdə iki ölkənin siyasi rəhbərlərinin maksimum səy bahasına sülhü və iqtisadi inkişafı qoruyub saxlaması həyati əhəmiyyət daşıyır.
Görüşdə enerji sektorunda sıx tərəfdaşlığa, Gürcüstan və Azərbaycanın birlikdə həyata keçirdiyi nəqliyyat və enerji layihələrinə toxunulub. Regional əlaqələrin təmin edilməsində əsas rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu qeyd edilib. Bidzina İvanişvili qeyd edib ki, Gürcüstan son illər ərzində fəal şəkildə artmağa davam edən Azərbaycan investisiyalarına hələ də açıqdır.
İlham Əliyev Bidzina İvanişviliyə səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycan Respublikasının Prezidenti qeyd edib ki, Gürcüstan investisiyalar üçün ən cəlbedici, sabit və maraqlı yerlərdən biridir. Prezident həmçinin ikitərəfli layihələrə, enerji dəhlizinin əhəmiyyətinə və Gürcüstanın Azərbaycanın təbii sərvətlərinin ixracı prosesində fəal iştirakına diqqət yönəldib. İlham Əliyev regionda sülhün və sabitliyin qorunub saxlanması üçün işlərin birlikdə davam etdirilməsinə hazır olduğunu təsdiqləyib. İlham Əliyevin Gürcüstana səfəri başa çatıb” – yayılmış məlumatda deyilir.
Görüşdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, xarici işlər naziri Maka Bocorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze iştirak ediblər.