“Gürcü Arzusu”nun sədri, baş nazir İrakli Kobaxidze partiyanın Siyasi Şurasının adından bəyanat verib. Bəyanatı olduğu kimi təqdim edirik:
“Son bir neçə həftə ərzində Avropa bürokratiyası tərəfindən Gürcüstana qarşı tam əsassız hücumlar o qədər geniş miqyas alıb ki, gürcü xalqı qarşısında məsuliyyət daşıyan, eləcə də ölkəmizdə sülh və sabitliyə cavabdeh olan siyasi komanda kimi, özümüzü borclu hesab edirik ki, cəmiyyətə Gürcüstana qarşı aparılan düşmənçilik kampaniyasının səthində görünməyən gizli siyasi məqsədləri ətraflı şəkildə izah edək.
İctimaiyyət yaxşı xatırlayır ki, ölkəmiz və gürcü xalqı tərəfindən seçilmiş hakimiyyətə qarşı tamamilə ədalətsiz münasibət Ukraynada müharibənin başlamasına təsadüf edir. ABŞ-nin əvvəlki administrasiyası, Baydenin özü, dövlət katibi Blinken, keçmiş səfir Deqnan və digər yüksək vəzifəli şəxslər davamlı olaraq Gürcüstana hücum edirdilər, tamamilə cəfəng, faktlar olmadan bizi Rusiya ilə əlaqədə və kağız üzərində yazılmış strateji tərəfdaşlığı pozmaqda günahlandırırdılar. Halbuki, Gürcüstan siyasi cəhətdən Ukraynanı dəstəkləmək üçün hər şeyi etdi, yüzlərlə qətnaməyə qoşuldu, müharibə cinayətlərinin araşdırılması məsələsinin həmsponsoru idi, ukraynalı qaçqınlara sığınacaq verdi, müharibə aparan ölkəyə humanitar yardımlarla kömək etdi və sanksiyalardan yayınma standartlarına alnıaçıq şəkildə əməl etdi. Bu sonuncu məsələ ilə bağlı rəyi birbaşa Amerikadan gəlmiş sanksiyalar üzrə koordinator cənab O’Brayen yazdı və ölkəmizə təşəkkür də bildirdi.
Bu fonda, biz ictimai şəkildə müzakirəni açdıq və ritorik sual verdik – Bəs, Gürcüstanın nəyi bacarmaması bizi davamlı olaraq şantaja məruz qoydu?! Bu suala cavabı siyasi komandamız və gürcü cəmiyyətinin özü tezliklə verdi – biz müharibəyə qoşulmadıq, ölkəmizdə Rusiyaya qarşı ikinci cəbhə açmadıq, buna görə də “Qlobal Müharibə Partiyası”, yəni, “Dərin Dövlət” tərəfindən idarə olunan o vaxtkı administrasiya Gürcüstanı cəzalandırmağa qərar verdi. Gürcüstandan hərbi əməliyyatlara qoşulmağı tələb etmələri faktı Ukraynada müharibənin başlandığı gündən sonra tezliklə konkret ukraynalı yüksək vəzifəli şəxslərin Gürcüstandan ikinci cəbhənin açılmasını birbaşa tələb etmələri ilə pərdəarxası danışıqlardan və qapalı qapılar arxasındakı eyhamlardan çıxmış oldu. Danilov, Podolyak, Qonçarenko və digərləri açıq şəkildə ölkəmizdə ikinci cəbhənin zəruriliyindən danışırdılar.
“Qlobal Müharibə Partiyası”nın göstərişlərinə əməl edilməməsinin və ikinci cəbhənin açılmamasının Gürcüstan hakimiyyətinə problemlər yaradacağı əvvəlcə Bayden administrasiyasının ritorikasında açıq-aydın eşidilirdi, sonra isə hərəkətə də keçdilər, əsassız sanksiyalar tətbiq etməyə başladılar və nümayişkaranə şəkildə, bu günə qədər naməlum səbəblərlə Gürcüstanla imzalanmış strateji tərəfdaşlıq müqaviləsini ləğv etdilər. Sonda, “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvilini həmçinin əsassız, faktlar olmadan Rusiya ilə əlaqədə günahlandırdılar və sanksiyalar tətbiq etdilər. Öz növbəsində – bu təzyiq və şantajın sadə məqsədi var idi – “Qlobal Müharibə Partiyası” Bayden administrasiyasının əli ilə gürcü xalqını inandırmalı idi ki, hökumət Qərb kursundan çıxıb, bundan sonra isə yenə də gürcü xalqının əli ilə ölkədə, ölkəni müharibəyə sözün əsl mənasında növbəti gün daxil edəcək agentura xarakterli hakimiyyət qurulmalı idi” – bəyanatda deyilir.