“Gürcü Arzusu”nun siyasi şurası – Gürcüstanla ədalətli əməkdaşlıq istəyi olan istənilən dövlətlə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk
“Gürcü Arzusu”nun siyasi şurası – Gürcüstanla ədalətli əməkdaşlıq istəyi olan istənilən dövlətlə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk

Gürcüstanla ədalətli əməkdaşlıq istəyi olan istənilən dövlətlə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk – bu barədə “Gürcü Arzusu”nun siyasi şurasının 17 Avropa dövlətinin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsinin məktubu ilə bağlı yaydığı bəyanatda deyilir.

Hakim partiyanın siyasi şurasının bəyanatında qeyd olunur ki, “bu gün Avropa demokratik geriləmə və dərin dəyər böhranı yaşayır”.

“Avropa dövlətlərinin əksəriyyəti “dərin dövlətin” prinsipial təsiri altında fəaliyyət göstərir. Nəzarətsiz miqrasiya, saxta liberal təbliğat, dövlət və dini institutların nüfuzdan salınması Avropanın öz kimliyini sürətlə itirməsinə səbəb olur. Arzuolunmaz partiya və namizədlərin seçki qələbəsinin tanınmaması və seçkilərin ləğvi, rəqiblərin siyasi təqibi, medianın azadlığının tam şəkildə məhdudlaşdırılması bu gün Avropa üçün adi hal alıb. Bu fonda nə Avropa Parlamentinin absurd qətnamələri, nə 18 avropalı məmurun dezinformasiyalarla dolu məktubu, nə də onların sanksiyaları və gürcü xalqına qarşı digər hücumları artıq heç kimi təəccübləndirmir.

Biz heç kimə hücum etməyəcəyik, lakin heç kimə də vəd verə bilmərik ki, ölkəmizi, onun suverenliyini və kimliyini, eləcə də gürcü xalqının maraqlarını qorumayacağıq. Bu mübarizədə heç bir kompromisə yol verməyəcəyik. Eyni zamanda, Gürcüstanla ədalətli əməkdaşlıq etmək istəyən istənilən dövlətlə əməkdaşlığa tam hazır olduğumuzu bildiririk. Hər kəs dərk etməlidir ki, Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da bir o qədər Gürcüstan lazımdır,” – deyə “Gürcü Arzusu”nun siyasi şurası tərəfindən yayılan bəyanatda qeyd olunur.