17 Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi tərəfindən imzalanmış məktub yayıldı. Təəssüf ki, bu məktub gürcü xalqına və Gürcüstan demokratiyasına qarşı növbəti kobud və ədalətsiz hücum kimi qiymətləndirilməlidir – bu barədə “Gürcü Arzusu”nun siyasi şurasının bəyanatında deyilir.
Hakim partiyanın siyasi şurası bildirir ki, məktub sovet üslubunda dezinformasiyalarla və yalan ittihamlarla doludur.
Siyasi şura məktuba imza atan hər bir rəsmiyə müraciət edərək gələcəkdə bəyanatlarında daha məsuliyyətli olmalarını tövsiyə edir.
“26 oktyabrdan sonra yeni məzmun qazanmış gürcü xalqına qarşı orkestrasiya olunmuş hücumun yeganə səbəbi var – gürcü xalqı “dərin dövlət” agenturasının və kollektiv “Vahid Milli Hərəkat”ın hakimiyyətə qayıdışına imkan vermədi. Bu isə Aİ-nin Gürcüstandakı səfiri və konkret Avropa, keçmiş ABŞ rəsmiləri tərəfindən açıq şəkildə dəstəklənirdi.
Hamı görür ki, parlament seçkilərinin legitimliyi sual altına qoyulmur. Bu yalnız obyektiv reallıqla deyil, eyni zamanda ATƏT/ODİHR-in nəticələri və ATƏT rəhbər şəxslərinin, o cümlədən bir neçə gün əvvəl ATƏT-in baş katibinin söylədiyi bəyanatla da təsdiqlənir: 2024 seçkiləri gürcü xalqının iradəsini tam şəkildə əks etdirirdi. Aydındır ki, Avropa rəsmiləri seçkinin məzmunundan deyil, nəticəsindən narazıdırlar.
18 Avropa rəsmisinin bəyanatında qeyd olunan dezinformasiyalardan biri radikal siyasətçilərin həbsi ilə bağlıdır. Onlar bu həbsləri “siyasi motivli” adlandıraraq yerli seçkilər ərəfəsində “siyasi müxalifətin sıxışdırılması” kimi təqdim edirlər. Əvvəla, xatırlatmaq istərdik ki, həbsi olunan siyasətçilərdən yalnız Mamuka Xazaradze və Badri Caparidze yerli özünüidarəetmə seçkilərində iştirak etməyi planlaşdırırdılar. İmza atan rəsmilərə onu da xatırlatmaq lazımdır ki, siyasətçilərin həbsi ilə nəticələnmiş qanun 30 il əvvəl qəbul edilib və Avropa təcrübəsinə tam uyğundur. Məsələlər sadə və şəffafdır: bəzi siyasətçilər parlamentin istintaq komissiyasına gəlmədikləri üçün, qanuna əsasən, 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur və onlara 7-8 ay cəza verilib. Gələnlərə isə cəza tətbiq olunmayıb. Hətta prezident Mixeil Kavelashvili bəyan etmişdi ki, seçkidə iştirak etmək istəyən siyasətçiləri əfv etməyə hazırdır. Amma radikal siyasətçilər dövlət institutuna hörmətsizlik etdilər, Avropa rəsmiləri isə bunu səssiz şəkildə dəstəklədilər.
Bəyanatda deyilir ki, məktubda yer alan digər bir dezinformasiya, guya aktivistlərin “ədalətsiz şəkildə həbs olunması” ilə bağlıdır.
“Bu bəyanat onu göstərir ki, keçən ilin noyabr-dekabr aylarında baş vermiş hakimiyyəti devirmə cəhdləri və etirazçılara qarşı tətbiq olunan zorakılıq xaricdən dəstəklənirdi. Hər kəsə məlumdur ki, legitim hakimiyyətin devrilməsi cəhdlərini USAID, NED, EED və oxşar fondlar qeyri-şəffaf şəkildə maliyyələşdirirdi, konkret Avropa və keçmiş Amerika rəsmiləri isə bunu açıq şəkildə dəstəkləyirdilər. Onlar zorakı hərəkətləri “sülh etirazı” kimi təqdim etdilər – bu isə sovet təbliğatı üçün belə utancverici olardı. Məlum olduğu kimi, zorakı etirazçılara qarşı aparılan proseslər tam şəffafdır. İmza atanlara onu da xatırladırıq ki, yüzlərlə zorakılıq iştirakçısından yalnız təxminən 30-u həbs olunub. Bu isə istintaqın yüksək standartını göstərir. Onlara həmçinin xatırladırıq ki, Böyük Britaniya, Almaniya, Fransa, İsveç, İspaniya və digər ölkələrdə polisə hücum edənlər 5-8 ilədək həbs cəzası alırlar.
Siyasi təqibdən danışıldıqda, xatırlatmaq istərdik ki, siyasi məzmun kəsb etmiş hüquqi təqiblər məhz Almaniya və Fransada baş verir. Bu ölkələrdə aparıcı müxalifət liderlərinə qarşı təqib fonunda onların siyasi təqibdən danışması, yumşaq desək, gülüncdür. Rumıniyada baş verənlər də unudulmamalıdır: prezident seçkisinin ilk turunu udan namizədin nəticələri ləğv edildi və ona qarşı cinayət işi qaldırıldı. Bu demokratik dəyərlərin açıq-aşkar tapdalanması idi, Avropa bürokratiyası isə bunu dəstəklədi. Belə bir durumda Gürcüstan demokratiyasının tənqid olunması tamamilə yersizdir.
Dezinformasiyalarla dolu məktubda yer alan daha bir təhlükəli direktiv, son dövrlərdə qəbul edilmiş “repressiv qanunların” ləğv olunmasına çağırışdır. Söhbət xarici maliyyələşməni məhdudlaşdıran və dövlət institutlarını zəiflətməkdən qoruyan qanunlardan gedir. Bu qanunlar hüquqi prinsiplərlə tam uyğundur. Buna görə də, parlamentə hansı qanunu qəbul etməli olduğunu söyləmək Gürcüstan parlamentinin suverenliyinə müdaxilədir və gürcü xalqının təhqiridir.
18 Avropa rəsmisinin məktubu bir daha göstərir ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində və Böyük Britaniyada “dərin dövlətin” qeyri-rəsmi idarəçiliyi dərin kök salıb. Bu idarəçilik altında Avropa bürokratiyası artıq heç bir mənəvi sərhəd tanımır. Yeganə prinsip odur: ölkəni ya “dərin dövlətin” agentləri idarə etməlidirlər, ya da Avropa rəsmiləri tərəfindən hücuma məruz qalmalıdır.
Son hadisələr “dərin dövlətin” Böyük Britaniyanı Aİ-dən qəsdən ayırdığı ilə bağlı şübhələri gücləndirir. “Brexit”dən sonra üçüncü mərkəz formalaşdı və bu mərkəz “dərin dövlətin” qlobal gündəmini həyata keçirir. Britaniyanın keçmiş baş naziri Liz Truss açıq şəkildə bəyan etmişdi ki, bu gün Böyük Britaniyanı “dərin dövlət” idarə edir. Ümid edirik ki, Donald Tramp verdiyi vədi yerinə yetirəcək və “dərin dövlətə” qalib gələcək. Bu, Avropa ölkələrinə də suverenliklərini geri qaytaracaq. Artıq “dərin dövlətin” mərkəzi ABŞ-dan Avropaya keçib. Əgər “dərin dövlət” məğlub edilməzsə, sadəcə rebrendinqdən keçərsə, təəssüf ki, həm Avropanın zəifləməsi, həm də gürcü xalqına və demokratiyasına hücumlar davam edəcək. Donald Trampa bu mühüm işdə bir daha uğurlar arzulayırıq” – deyilir “Gürcü Arzusu”nun siyasi şurasının bəyanatında.
Bəyanatda həmçinin qeyd olunur ki, “bu gün Avropa demokratik geriləmə və dəyər böhranı yaşayır”.
“Avropa ölkələrinin əksəriyyəti “dərin dövlətin” təsiri altındadır. Nəzarətsiz miqrasiya, yalançı liberal təbliğat, dövlət və dini institutların zəiflədilməsi Avropanın kimliyini itirməsinə səbəb olur. Arzuolunmaz partiya və namizədlərin seçki qələbəsinin tanınmaması, seçkilərin ləğvi, siyasi təqiblər, media azadlığının məhdudlaşdırılması bu gün Avropada norma halını alıb. Bu şəraitdə, nə Avropa Parlamentinin absurd qətnamələri, nə 18 Avropa rəsmisinin dezinformasiyalarla dolu məktubu, nə onların sanksiyaları, nə də gürcü xalqına qarşı hücumlar heç kimi təəccübləndirmir.
Biz heç kimə hücum etmərik, amma heç kimə də vəd verə bilmərik ki, ölkəmizi, suverenliyimizi, kimliyimizi və xalqımızın maraqlarını müdafiə etməyəcəyik. Bu mübarizədə heç bir kompromisə yol verməyəcəyik. Eyni zamanda, Gürcüstanla ədalətli əməkdaşlıq etmək istəyən istənilən ölkə ilə əməkdaşlığa tam hazır olduğumuzu bildiririk. Hər kəs başa düşməlidir ki, Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan bir o qədər lazımdır” – yazılır “Gürcü Arzusu”nun siyasi şurası tərəfindən yayımlanmış bəyanatda.